Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 17:40
“Linfild”in kapitanı Ceymi Malqryu Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”la cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az BBC Sport-a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu Belfastda 3:2 hesabı ilə qələbə qazandıqları matçı yaxşı şans olaraq dəyərləndirib: “Özümüz üçün yaxşı imkan yaratmışıq və ikinci oyunda mübarizə aparacağıq. İlk oyunda bütün imkanların bizim əleyhimizə olmasına baxmayaraq, qələbə qazandıq. Belə güclü komandanı məğlub etmək çox vacib idi. İndiki hesab cavab matçında bizə ümid yaradır”.
O, bu mövsüm komandasının avrokuboklarda əldə etdiyi nəticələrdən də danışıb: “Düşünmürəm ki, Çempionlar Liqasının birinci mərhələsində mübarizəni dayandırıb Avropa Liqasına düşən bir komandadan bu mərhələyə qədər gəlməyi kimsə gözləyərdi. Bizim arzularımızı gerçəkləşdirmək və tarix yazmaq üçün böyük imkanımız var. Builki nailiyyətlərimizlə fəxr edirik. Bu uğuru “Qarabağ”la ikinci oyunda da təkrarlaya bilərikmi? Kim bilir. Bəlkə də...”
Qeyd edək ki, “Qarabağ” - “Linfild” görüşü avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20.00-da başlanacaq.