Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib, hədəf paytaxtı tutmaqdır

Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib, hədəf paytaxtı tutmaqdır

Tarix: 5 Dekabr 2021 13:38

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Kremlin Ukraynaya hərbi müdaxilə niyyətləri barədə siqnallara "çox ciddi" yanaşır və bu siqnalları blef hesab etmir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Pentaqonun yüksək vəzifəli nümayəndəsi ötən gün dekabrın 4-də "Fox News" telekanalına deyib. Mənbə təsdiq edib ki, Rusiya hazırda Ukrayna ilə sərhəddə 100 minə qədər hərbçi cəmləşdirib.

Xatırladaq ki, bundan əvvəl "The Washington Post" nəşri Rusiyanın Ukraynaya hücum xəritəsini dərc edib. Qəzet ABŞ kəşfiyyatının məxfi olmayan məlumatlarına istinadən yazıb ki, Moskva hücuma 100 batalyon-taktiki qruplaşma və ya 175 min hərbçi cəlb etməyi planlaşdırır. ABŞ administrasiyasının nümayəndəsi anonimlik şərti ilə bildirib ki, Ukrayna sərhədlərindəki cəmləşmənin miqyası bu ilin yazında müşahidə edilən cəmləşmənin miqyasından iki dəfə böyükdür.

Qəzetin əldə etdiyi peyk fotolarından görünür ki, Rusiya qoşunları Ukrayna sərhədləri boyu 4 istiqamətdə cəmləşdirilir. Sənədlərə əsasən hazırda 50 batalyon-taktiki qruplaşma cəmləşdirilib və döyüşə hazır vəziyyətdə gözləyir, eyni zamanda cəmləşmə rayonlarına yeni tank və artilleriya bölmələri gedir.

ABŞ-ın kəşfiyyat rəsmiləri peyk fotolarının analizi əsasında bu qənaətə gəliblər ki, hücum 2022-ci il yanvarın sonlarında-fevralın əvvəllərində başlaya bilər. Birinci mərhələdə Ukrayna ərazisinə cənubdan daxil olmaq planlaşdırılır. İnformasiyalı mənbələr dəqiqləşdiriblər ki, bu hücumda məqsəd Rusiyanın ilhaq etdiyi Krıma təchizatı təmin etmək və Ukraynanın dənizlə əlaqəsini kəsməkdir.

Buna paralel olaraq Moskva tank hissələri ilə Luqansk və Xarkov vilayətlərinə daxil olmaq, oradan ölkənin şimal-şərqindəki Dnepr və Poltava şəhərlərinə doğru hərəkət etmək niyyətindədir. Dəqiqləşdirilir ki, ilk növbədə iri şəhərlərdə elektrik və qaz kəsiləcək, ərzaq təchizatı dayandırılacaq. NATO strateqlərinin hesablamalarına əsasən üçüncü mərhələdə Rusiya qoşunları şimal istiqamətindən paytaxt Kiyevə hücum edəcək. Bu mərhələdə Kiyevin kapitulyasiyası nəzərdə tutulur və Rusiya orada özünün marionet hökumətini quracaq.

"Forbes" jurnalı isə bildirir ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığındakı aviabazalarında 500-dən artıq müxtəlif tipli qırıcılar və döyüş təyyarələri cəmləşdirilib. "Ən təhlükəli ssenarilərdən biri budur ki, Rusiya 500-ə qədər təyyarənin cəlb olunduğu məqsədli aviaqruplar yarada bilər. Müharibə zamanı Rusiyanın Hava Kosmik Qüvvələri bu qədər sayda təyyarənin köməyi ilə cəmi üç irimiqyaslı hava hücumu həyata keçirməklə Ukrayna ordusunu məhv edə bilərdi", - məlumatda bildirilir.

Bir-birinin ardınca gələn bu məlumatlar və xəbərdarlıqlar vəziyyətin kifayət qədər dramatik olduğunu göstərir. Belə vəziyyətdə Ukraynanın müdafiə naziri Aleksey Reznikov xəbərdarlıq edib ki, Rusiyanın hərbi müdaxiləsini Avropanı milyonlarla qaçqınla üz-üzə qoyacaq.

"Ukraynadakı böyük müharibə bütün Avropanı böhrana düçar edəcək. Rusiyanın müdaxiləsindən xilas olmağa çalışan 3 milyondan 5 milyona qədər ukraynalı qaçqının qəfildən Avropa sərhədlərində peyda olması çoxsaylı ciddi problemlərdən biri olacaq",-o deyib. Habelə o, Ukraynadan təchizatın kəsilməsi nəticəsində Avropada ərzaq böhranının da yaranacağını deyib.

Reznikov habelə qeyd edib ki, Rusiya ilə müharibə beynəlxalq düzəni tamamilə alt-üst edəcək və yeni qlobal qeyri-stabillik erasını başladacaq. "Ortada müstəqil Ukraynanın taleyindən daha ciddi məsələ dayanır" ,- o deyib.

Milli.Az


Etiketlər:  Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib hədəf paytaxtı tutmaqdır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ