Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 17:55
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında Ağadadaş Ağayevə xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəyib.
Ağadadaş Ağayevin vəkili Asim Abbasov müdafiə çıxışı üçün vaxt istəyib.
Həmçinin, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən digər prosesdə dövlət ittihamçısı xalq artisti ilə mübahisə edən "MedEra" hospiatlın mühafizəçisi Nurəddin Cəlilovun isə 2 il 6 ay azadlıqdan məhrum edilməsini, onun barəsində də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab olunmasını istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti tarixi 6 marta təyin olunub.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.
Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.
Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.