Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2025 12:03
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" İncəsənət Festivalı çərçivəsində Zaman Art Gallery-də "Mən Suyam" adlı sərgi açılıb.
Sərgidə 20-dən çox rəssamın - Tahir Şıxəliyev, Aylin Məmmədli, Diana Əliyeva, Məhəmməd Orucov, Eldar Babazadə, Sayalı Məmmədova, Orxan Qarayev, İnna Kostina, Afaq Əkbərova, Adil Şıxəliyev, Mir Azər Abdullayev, Günel Ravilova, Aynurə Mahmudova, Gülnarə Xəlilova, Nigar Familsoy, Vüqar Əli, Fəzilə Rəcəbova, Cavid Məmmədov, Soltan Soltanlı, Vüsalə Ağarazıyeva, Rafail Əliyev, Sərxan Hacıyev, Fidan Zaman və Novruz Balabəyovun əsərləri təqdim olunur.
Sərginin əsas məqsədi tamaşaçılarda suyun yalnız estetik deyil, həm də mənəvi mahiyyətini duymaq hissini yaratmaqdır. Layihə insan və təbiət arasında harmoniya, axıcılıq və həyatın davamlılığı ideyalarına həsr olunub.
Təşkilatçılar vurğulayıblar ki, su təbiətin gücü, yaddaşı və həyatın özü kimi sərginin əsas rəmzidir - o həm arınma, həm də yenilənmə mənbəyidir.
Sərgi 16 noyabr tarixinə qədər ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 2-dək Bakıda keçiriləcək. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə reallaşdırılır. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılığın, dialoqun və kəşflərin canlı məkanına çevirəcək. Xüsusi diqqət okean və dənizlərin ekoloji vəziyyətinə yönəldiləcək və bu mövzu incəsənətin dili ilə təqdim olunacaq. Festivalın əsas mövzusu - həyat, yenilənmə və dayanıqlı inkişafın rəmzi olan sudur. Su dayanıqlılıq, yenilənmə və kollektiv yaddaşın simvolu kimi seçilərək Azərbaycan ilə beynəlxalq bədii ictimaiyyət arasında mənalı dialoqa zəmin yaradacaq.