Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2025 15:32
"Qarabağ" Futbol Klubunun taleyi həm faciə, həm də misilsiz əzmkarlığın simvolu kimi yadda qalır.
Sonxeber.net xəbər verir ki, 1993-cü ildə Ağdam işğal edildikdən sonra komandaya doğma şəhərini tərk edib Sumqayıtda məskunlaşmaqdan başqa yol qalmamışdı. Həmin dövrdə klub son dərəcə ağır şəraitdə, infrastrukturu zəif olan stadionda oyunlarını keçirməyə məcbur idi.
O illərdə klubun prezidenti olmuş Adil Nadirov (məşhur futbolçu Vüqar Nadirovun əmisi) çətin maliyyə vəziyyətinə baxmayaraq meydanı tərk etmədiklərini, "Qarabağ"ın bir gün yenidən ayağa qalxacağına və Avropada Azərbaycan futbolunun ən yaxşı nəticələrinə imza atacağına inandığını deyirdi.
Bu inam illər sonra öz təsdiqini tapdı. 2017-ci ildə "Qarabağ" "Kopenhagen"i pley-off mərhələsində mübarizədən kənarlaşdıraraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu oldu.
Uğurlar bununla bitmədi. 2025-ci ildə komanda yenidən bu tarixi nailiyyəti təkrarlayaraq Çempionlar Liqasında qazandığı qələbə və bərabərliklər, eləcə də seçmə və pley-off oyunlarından ümumilikdə 28.67 milyon avro (təxminən 55 milyon manat) gəlir əldə etdi. Bu göstərici Azərbaycan futbolunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bakı Media Mərkəzi, "Salnaməfilm" studiyası və İctimai Televiziyanın birgə istehsalı olan "Qarabağ FK - 30 mövsüm səfərdə" sənədli filmi də məhz bu tarixi yolu işıqlandırır.
Filmin "İkinci nəfəs" adlanan ikinci bölümü isə klubun Azərbaycan futbolu tarixində ilk beynəlxalq qələbəsini necə qazandığını əks etdirir. Bu ekran işi "Qarabağ"ın keçdiyi çətin, lakin qürurverici yolun tamaşaçılara çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Hüseyn