Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi ödəyicilərinin vergi və inzibati yükü azaldılacaq

Vergi ödəyicilərinin vergi və inzibati yükü azaldılacaq

Tarix: 24 Aprel 2020 16:28

Bakı. Trend:

Koronavirus pandemiyasının yaratdığı problemlər dövlət tərəfindən verilən operativ qərarlar, qaldırılan məsələlərə çevik reaksiya sayəsində həll olunmaqdadır. Azərbaycan hökumətinin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dərhal öz yardım əlini uzatması belə bir dar məqamda sahibkarlar üçün xüsusilə vacibdir və əhəmiyyətli dəstək rolunu oynayır. Dövlətin bu istiqamətdə daha bir mühüm addımı isə onlara vergi güzəştləri və tətillərinin verilməsidir.

Əvvəla, mütləq qeyd olunmalıdır ki, vergi güzəştləri və tətillərini əhatə edən paket hazırlanarkən sahibkarların rəyləri nəzərə alınıb. Bu o deməkdir ki, dövlət sahibkarların problemlərini tərəfdaşlıq mühitində həll etmək niyyətindədir. İkinci bir mühüm məqam isə güzəştlər və tətillərin əhatə dairəsidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hazırladığı təkliflər təkcə Vergi Məcəlləsini deyil, sosial sığorta üzrə qanunvericiliyə zəruri dəyişiklikləri də nəzərdə tutur. Burada ən əsas məqamlardan biri də təkliflər paketinin məzmunudur ki, bu da ümumilikdə sənəd layihələrinin sosial mahiyyət daşıdığını, vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasına xidmət etdiyini göstərir.

Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixdən etibarən bir il müddətinə əmlak və torpaq vergisindən tamamilə azadolma, seçdikləri vergitutuma metodundan asılı olaraq bir sıra vergi güzəştlərinin verilməsi təklif edilir. Belə ki, təkliflərə əsasən, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə isə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur - ictimai iaşə sahəsində verginin dərəcəsi 8 faizdən 4 faizə salınır.

Bundan başqa, yuxarıda da qeyd olunduğu kimi, vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılması da güzəşt paketində öz əksini tapıb. Təkliflərə görə, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması da təklif edilən güzəştlər sırasındadır.
Şübhə yoxdur ki, pandemiyanın təsirləri mikro sahibkarlıq subyektlərini də ciddi narahat edir. Lakin görülən tədbirlər onu deməyə əsas verir ki, mikro sahibkarların ciddi təşvişi üçün heç bir əsas yoxdur. Belə ki, təkliflər paketində mikro sahibkarlıq subyektlərinə xüsusilə diqqətli yanaşma nümayiş etdirilir. Paketdə koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur ki, bu da onlar üçün ciddi təminat deməkdir. Məsələn, layihəyə əsasən, mikro sahibkarlara sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi - vergi dərəcəsinin 2 faizdən 1 faizə ebdirilməsi nəzərdə tutulur. 2020-ci ilin 1-ci və 2-ci rübü üzrə sadələşdirilmiş vergi, mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri üçün Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddətlərin qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti ayların ödəmələrinə aid edilməsi də güzəşt olaraq təklif edilir.

Sual oluna bilər: bəs digər sahibkarların taleyi necə olacaq? Təqdirəlayiq haldır ki, təkliflərdə bu suala da cavab var. Belə ki, bir sıra vergi güzəştləri və azadolmaların bütün sahibkarlıq subyektlərini əhatə etməsi nəzərdə tutulur. Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, həmçinin əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi bu qəbildən olan güzəştlərə aiddir.

Nəhayət, günün ən aktual güzəştlərindən biri də koronavirus pandemiyası ilə mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksessuarlar, habelə əhalinin ərzaq ehityaclarının təmin edilməsi ilə bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının idxalının müddətli olaraq ƏDV-dən azad olunmasıdır. Bu isə paketin sosial məzmununun daha bir göstəricisi sayıla bilər.

Trend-in İqtisadiyyat şöbəsi


Etiketlər:  Vergi ödəyicilərinin vergi inzibati yükü azaldılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ