Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 12:38
"Çempionluq qazansaydıq, əla olardı. Çünki Azərbaycanın ən titullu komandasında işləyirdik. Çalışdıq, amma heç nə alınmadı".
Qol.az xəbər verir ki, bunu "Neftçi"nin italiyalı sabiq baş məşqçisi Roberto Bordin İtaliyanın calciomercato.com saytına müsahibəsində deyib.
İtaliyalı mütəxəssis 2018/19 mövsümündə çempionluğu əldən vermələrini belə izah edib: "Gəldiyimiz vaxt son 5 ilin çempionu "Qarabağ"la rəqabət aparmaq üçün güclü komanda yaradılmışdı. Onların digər komandalarla müqayisədə ciddi büdcələri var. Mübarizə apardıq, qış fasiləsinədək 5 xal irəlidə olduq. Bu, bizdə böyük həvəs yaratmışdı. Təəssüf ki, mövsümün həlledici mərhələsində bəzi səhvlərə yol verdik və yekunda ikinci yeri tutduq".
Bordin bildirib ki, 2019/20 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ını səfərdə 1:0, evdə isə 3:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırdıqdan sonra Rusiyadan təklif alıb. Onun sözlərinə görə, təklifi dəyərləndirdiyi və digər müraciətlərin olacağını gözlədiyi müddətdə İtaliya variantına da ümid edib: "Ola bilsin, İtaliyadan heç vaxt təklif gəlməyəcək. Evimə qayıtmağın pis olmadığını fikirləşdiyim vaxt mənə çox şey vermiş "Neftçi" və ya "Şerif" variantlarını qəbul edirsən".
Qeyd edək ki, 55 yaşlı Bordin "Neftçi"də 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək çalışıb.