Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözəl və bədbəxt şəhərim...

Gözəl və bədbəxt şəhərim...

Tarix: 22 May 2020 11:50

Ermənilərin dünən Şuşada keçirdiyi qondarma “andiçmə” mərasimi mayın 8-də yazdığım bu kiçik yazını yadıma saldı.

***

6 yaşında Ağdamda evdən gizli qaçasan, yay düşərgəsinin uşaqlarına qoşulub bir avtobusa minəsən. Onda hələ adını eşitmədiyin, üzünü görmədiyin kənd və şəhərlərin içindən, dağların qoynundan keçə-keçə dünyanın ən hündür zirvəsinə qalxasan…

Mənə hələ də elə gəlir ki, o zirvədən yuxarıda yalnız Tanrı var, başqa heç kim və heç nə. Sonra o zirvədə qulağına qaval səsi gələ. Çönüb görəsən ki, qoca bir kişidi. Amma əlindəki qavalda elə şövqlə, həvəslə ifa edir, oxuyur ki, heç demərsən, yaşı 80-ni keçib…  Başına insanlar toplaşıb, maraqla onu dinləyirlər. Sonra ona sovetindən kağız pulundan, qəpiyindən uzadırlar. Alıb sifarişə uyğun nə gəldi oxuyur: sevgah, muğam, hətta Ciminin "Tansor disko"dakı mahnısını belə.

Sonra o qaval çalan kişiyə yaxın bir yerdə buz kimi su içəsən. O dadda, dişlərini qamaşdıran o soyuqluqda suyu həmin gündən sonra bir də heç vaxt və heç yerdə içməmişəm. Nə Ağdamda, nə indi yaşadığım Bakıda, nə səfər etdiyim Alp dağlarının ətəyindəki Zalsburqda, nə Londonda, nə Romada, nə Madriddə, nə də olduğum heç bir ölkə və heç bir şəhərdə.

O sudan bir də içəcəmmi bilmirəm, ora gedə biləcəmmi, onu da bilmirəm. Bildiyim bir şey var - Şuşa tək coğrafi olaraq deyil, elə mənəvi olaraq da bizim üçün həmişə zirvədə olacaq.

Yenidən o zirvəyə getmək isə artıq bizim namus borcumuzdur.

Hələlik isə səndən ucada olan tək varlığa əmanət ol, gözəl və bədbəxt şəhərim...

Aydın BAĞIROV
[email protected]

 


Etiketlər:  Gözəl bədbəxt şəhərim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ