Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 12:18
Bakı. Trend:
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə törətdiyi təxribatçı əməllərin Tacikistanın rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə səfir Həsən Məmmədzadə ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini Xusrav Noziri arasında görüş keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında Tacikistan tərəfinə ətraflı məlumat verilib və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılıb.
Nazir müavini hər iki tərəfdə insan tələfatı ilə nəticələnən Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan tərəfinin narahatlığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökümətlərarası Komissiyanın növbəti iclasına hazırlıq işləri, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.