Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 04:06
Bakı .Trend:
Vaşınqtona səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşü keçirilib.
XİNd-dən Trend-ə verilən məlumata görə, görüşdə həmçinin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də iştirak edib.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki bir çox məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələr üzrə ətraflı fikir mübadiləsi aparıblar. ABŞ-Azərbaycan arasında əməkdaşlığın artan templə inkişaf etdiyi vurğulanıb.
Bölgədəki vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözləntilər barədə tərəflər arasında müzakirələr aparılıb.
Görüşdə, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, Cənubi Qaz Dəhlizi barədə müzakirələr aparılıb.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin