Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: İçməli su və meliorasiya problemləri diqqət mərkəzindədir, qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır

Azərbaycan Prezidenti: İçməli su və meliorasiya problemləri diqqət mərkəzindədir, qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır

Tarix: 23 Iyul 2020 21:03

İçməli su və meliorasiya problemləri diqqət mərkəzindədir, qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

Dövlət başçısı bildirib:

"İçməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır.

İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir.

Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?

Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır".


Etiketlər:  Azərbaycan Prezidenti İçməli meliorasiya problemləri diqqət mərkəzindədir qüsurlara verən məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ