Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tinə sıxılmış radikal müxalifət

Tinə sıxılmış radikal müxalifət

Tarix: 27 Iyul 2020 16:21

Olduqca emosional günlər və həftələr yaşayırıq. Ehtimal etdiyimiz kimi, ermənilərin Tovuz təxribatları münaqişəni keyfiyyət etibarı ilə fərqli mərhələyə daşımaq cəhdi və ölkəmizə qarşı beynəlxalq manipulyasiyalar üçün yeni informasiya bəhanələrinin yaradılmasına xidmət etdi. Avropa və ABŞ-ın bir çox şəhərlərində küçələrə çıxmış minlərlə azərbaycanlı bacı və qardaşlarımız baş verənlər ilə əlaqədar öz etirazlarını bildirmişlər. Onları anlayıram və hətta hisslərini də bölüşürəm. Ancaq vətəni sevən oğulların bu ülvi hissləri ilə yanaşı biz, erməni informasiya maşınının ardıcıl və məqsədyönlü təxribatları ilə də rastlaşdıq. Fərqli interpretasiya və manipulyasiyalar vasitəsilə hətta özünü müxalifətin lideri adlandıran şəxslər yaşananlardan faydalanmaq istəmişlər. Sanki, illər ərzində Azərbaycanda insanları küçə davasına çağıran həmin bu şəxslər deyil. 

Azərbaycanın inkişafı, regionun lideri statusu, beynəlxalq təşəbbüsləri və başlıca olaraq müstəqil siyasət yürütmək kimi açıq iddiası bütün dövrlərdə müəyyən qüvvələri narahat edib və regionu, ümumiyyətlə, forposta çevrilməsi planlarına maneə törədib. Vəziyyəti əsaslı şəkildə mürəkkəbləşdirən digər amil ondan ibarətdir ki, ölkəmiz bir neçə qlobal geosiyasi ssenarilərin mərkəzində yerləşir. Başqa sözlə, Azərbaycan fərqli maraqların toqquşduğu coğrafi ərazidə yerləşir. Əslində, sözügedən amil hələ ötən əsrin səksəninci illərindən etibarən ABŞ və Avropanın alim və strateqləri tərəfindən dəfələrlə vurğulanmışdır. Erməni dövləti ilə yaşadığımız münaqişəyə də müəyyən mənada həmin strategiyaların inkişafı kontekstində yanaşmaq lazımdır.

Əlbəttə ki, xarici qüvvələrin burada geostrateji planlarının sürətli reallaşdırılması üçün ölkə daxilində "münbit şərait" yaradılmalıdır. Məhz həmin "münbit şəarait"in yaradılması kontekstində bizim bəlalı radikal müxalifətimiz yada düşür. Konkret sahələrin inkişafına xidmət edəcək konseptual təklifləri ilə yox, cəmiyyəti birliyə dəvət edən çağırışları ilə yox, pandemiya dövründə xalqın yanında olması ilə yox, peşəkar dialoqu ilə yox, ölkəni tərənnüm edən yazılmış beynəlxalq məqalə və konfransları ilə yox, xaricdə yaşayan soydaşlarımızın birliyinə dəvətləri ilə yox, radikal müxalifətimiz məhz siyasi sabitliyə zərbə vurmaq və emosional manipulyasiya cəhdləri ilə tarixə düşəcəkdir.  

Məqaləmizdə müxalifətin cəmiyyətdə mənfi emosiyaların yayması cəhdləri, ünvanlı təxribatları, xalqa qarşı istehzalı çıxışları, xain hərəkətləri və destruktiv fəaliyyəti haqqında söhbət açmayacağıq. Legitim müxalifətin siyasi mübarizə aparmaq üçün əsas yolu siyasi partiyaların fəaliyyətindən keçir. Sözügedən bəsit siyasi qanunauyğunluğu anlamayan müxalifət öz siyasi fəaliyyətini məhz pozucu hərəkətləri və demaqogiya xarakterli dəyişməz ritorika üzərində qurub.

Razılaşın ki, küçələrə çıxıb daş atmaqla hədəflərə nail olmaq, dini çağırışlar etmək, öz soydaşına qarşı nifrət hissləri aşılamaq, sabitliyi pozmaq arzusu ilə vətəni satmaq, siyasi dialoqdan qaçmaq, uzun illər ərzində dövlətə və cəmiyyətə açıq müzakirələrin aparılması üçün sahələrin inkişafına dair konseptual işləmələrin təqdim olunmaması və s. bu kimi keyfiyyətlər konstruktivizm əlamətləri kimi təqdim edilə bilməz. Sadalanan keyfiyyətlər məhz radikal müxalifətlərə məxsusdur. İşləmədən mövqe tutmaq iddiasında olan insanlar təxribat və şantajlara əl atırlar. Sözügedən sosial təzahürlərə konkret müəssisələrin kollektivlərində də rastlaşmaq mümkündür.   

Necə ki, misal üçün sıravi vətəndaş olaraq tənqidlərdən çəkinmədən öz baxışlarımı yazılar vasitəsilə sərgiləyirəm, məmnuniyyətlə hər hansı bir müxalifət liderinin koronovirusun fəsadlarının aradan qaldırılmasına dair konseptual baxışı ilə tanış olardım. İqtisadi kataklizmlərə münasibət, artan münaqişələrin təbiəti haqqında, keçid etdiyimiz "rəqəmsal cəmiyyət" haqqında və s. bu kimi aktual və qaçılmaz təzahürlərə dair baxışları əks etdirən yazılarla tanış olmaq istərdim. Əslində, məhz bu baxışlar vasitəsilə də cəmiyyətin müxalifətə qarşı münasibəti və simpatiyası formalaşır.   

Qeyd olunanlar onu deməyə əsas verir ki, bizdə şəxsi ambisiyaların ödənməsi uğrunda ibtidai siyasi mübarizə aparan müxalif şəxslər mövcuddur. Məhz müxalif şəxslər, o şəxslər ki, emosional gərginlik yaratmaqla bütün dövlətlərdə olan və cəmiyyətin cəmi 3-7% -i təşkil edən protest elektoratı öz sıralarına cəlb etmək istəyirlər. Onların hədəfi inkişaf deyil, hədəf siyasi alverdir. O cümlədən buna görə də bu cür insanlar partiya müstəvisində siyasi dialoqdan hər zaman qaçıblar. Çünki dialoq olduğu təqdirdə onların siyasi əlilliyi üzə çıxacaq və nəticədə hətta protest elektoratın dəstəyini tamamilə itirəcəklər. 

Məhz qeyd olunan konteksti inkişaf etdirərək, bilavasitə məqalənin başlığına qayıtmaq istərdim. Son aylar ərzində biz iqtidarın siyasi partiyalar müstəvisində ölkə daxilində siyasi dialoqun fəal inkişafına xidmət edən addımların şahidiyik. Nəticələr özünü çox gözlətmədi, artıq bu gün biz bir sıra partiya rəhbərlərin bəyanatlarını da eşidirik. İlk növbədə, bildirmək istərdim ki, iqtidarın sözügedən addımı ölkəmizdə siyasi dialoqun bərqərar olunması ilə yanaşı, daha çox vətəndaş cəmiyyətin inkişafına xidmət edir. 

Məsələnin digər heç də daha az maraqlı olmayan tərəfi də mövcuddur. Burada biz bir siyasi paradoksu müşahidə edirik. Belə ki, siyasi partiyaların canlanması və onların dialoqda fəal iştirakı, əslində radikal müxalifətin manevr imkanlarını məhdudlaşdırır. Dialoqda iştirak edən partiyalar siyasi münasibətlərin subyektinə çevrilərək ölkənin və cəmiyyətin həyatında fəal iştirak etmiş olurlar. Bununla da öz potensialını nümayış etdirirlər və partiya üzvləri üçün şans yaratmış olurlar. Belə ki, partiyaların fəallaşmasına yönəlmiş addımlarla iqtidar, əslində radikal müxalifətin neytrallaşmasına nail olmuş olur. Şahmatda "atla gediş" adlandırılan addım çox zaman gözlənilməz zərbə kimi qiymətləndirilir. Eləcə də partiyaların canlanması, ölkədə partiya sisteminin inkişafı, habelə iqtidar-müxalifət dialoqunun şaxələnməsi siyasi münasibətlərdə radikallığa yer saxlamır. Ona görə də tinə sıxıldığını və ifşa olduğunu anlayan müxalif şəxslərin yeganə ümidi sosial şəbəkələrdir.

Asif Usubəliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru

Milli.Az


Etiketlər:  Tinə sıxılmış radikal müxalifət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ