Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elçin Əhmədov: Azərbaycan diasporunun əlaqələndirilmiş fəalliyyəti erməni lobbisini çətin vaziyyətə saldı

Elçin Əhmədov: Azərbaycan diasporunun əlaqələndirilmiş fəalliyyəti erməni lobbisini çətin vaziyyətə saldı

Tarix: 4 Avqust 2020 20:39

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirdi. Aydın oldu ki, təcavüzkar Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur və Azərbaycana qarşı açıq-aşkar anneksiya siyasətindən əl çəkmir.

illi.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Onun sözlərinə görə, artıq dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları və icmalarının Ermənistanın işğalçılıq siyasətinə qarşı və Vətəni müdafiə məqsədilə keçirdiyi tədbirlər də mühüm əhəmiyyət kəsb edir: "Bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Ermənistanın həmin ölkələrin səfirlikləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında keçirilən tədbirlər olduqca əhəmiyyətlidir. Yəni Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində diaspor təşkilatları çox mühüm addımlar atır. Bu mütəşəkkillik onu göstərir ki, dünyanın bütün ölkələrində azərbaycanlılar səfərbər olub, bu təcavüzkar siyasətin qarşısında birlik göstərib, Azərbaycan dövlətinin yanındadırlar.

Ancaq son 20 gün ərzində, xüsusilə iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktına qarşı Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə təcavüzkar əməllər törədilir, çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən vəhşiliklər özündə vandalizm və terror elementlərini ehtiva edir və birbaşa cinayət məsuliyyəti doğuran əməllərdir.

Bununla yanaşı, ermənilərin bu cür cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən çoxdur. Məlumdur ki, xarici ölkələrdə erməni lobbisi uzun illərdir ki, fəaliyyət göstərir və onlar yaşadıqları ölkənin hökumət, qanunverici orqanlarında demək olar lövbər salıblar, orada təmsil olunurlar, eləcə də yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də təsir göstərmək imkanları var. Bu baxımdan, son günlərdə dünyanın bir sıra ölkələrində azərbaycanlılara qarşı təcavüz hərəkətləri heç də təsadüfi deyil. Erməni lobbisi 1971-ci ildə yaradılmış Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən idarə olunur. Onların fəaliyyətində Azərbaycan hədəf seçilib və Azərbaycana qarşı fobiya var. Ümumiyyətlə, Ermənistan cəmiyyətində bu açıq-aşkar görsənir".

Siyasi ekspert hesab edir ki, Azərbaycana, Türkiyəyə qarşı yürüdülən siyasət dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ermənistan bilir ki, bu məsələdə Azərbaycan həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır: "Lakin, ermənilərin yürütdüyü təcavüzkar siyasət və iddialar heç nəyə əsaslanmır. Erməni lobbisi heç bilmir ki, Dağlıq Qarabağ xəritədə harada yerləşir.

Son vaxtlar Azərbaycan diaspor təşkilatlarının xüsusi mütəşəkkil şəkildə fəallığı Ermənistanı və erməni lobbisini ciddi sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyəti qarşısında aciz qaldı, tarixi ədalətin təmin olunmasını, soyqırıma və təcavüzə məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların kobubcasına pozulmuş hüquqlarının müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin şahidi oldular. Baş vermiş hadisələr, azərbaycanlıların birgə fəallığı erməni lobbsinin vəhşi və terrorçu simasını bir daha ifşa etdi və bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi.

Bu baxımdan, heç də təsadüfi deyil ki, bu hadisələrdən sonra siyasi, sosial-iqtisadi, demoqrafik böhranın işərisində çabalayan və iki stulda oturmaq taktikasını seçən (Ermənistanda 2 il əvvəl hakimiyyət çevrilişindən sonra ölkə KİV-də Rusiyaya qarşı açıq çağırışlar və Qərb yönümlü yazılar, eləcə də Soros Fondunun idarələrini özlərinin iş otağına çevirmiş və oradan təlimat almış adamların hazırkı hakimiyyətdə təmsil olunması bunu təsdiq edir) heç bir idarəçilik təçrübəsi olmayan, tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistanın baş nazirinin diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir. Çünki onlar Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktına qarşı Azərbaycan Ordusunun layiqli cavabını alıb, xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib. Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diaspor təşkilarları və icmaları qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər. Onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və ərazilərimizin azad edilməsi uğrunda döyüş əhval-ruhiyəsinin yüksək olduğunu unutmuşdular".

E.Əhmədov vurğulayıb ki, "lobbi"çilik adı ilə uzun illər anti-Azərbaycan və anti-türk "fəaliyyət"ləri ilə terroru əsas prinsip kimi qəbul edən xaricdəki erməni icmaları və terror qrupları bu dəfə artıq "güclü erməni lobbisi" imicini itirmişdilər: "Əvvəllər heç vaxt belə hallarla qarşılaşmamış və bu dəfə "məzlum ermənilər" adı ilə manipulyasiya edərək dünyanı aldadıb istəklərinə nail ola bilmədilər. Çünki illər boyu lobbiçilik adı altında erməni icmaları terroru, işğalı dəstəklədikləri halda, azərbaycanlılar isə milli mənlik şüuru ilə vətənpərvərlik nümayiş etdirərək mütəşəkkil mübarizəyə qalxmışlar. Heç şübhəsiz ki, Azərbaycanı müdafiə məqsədilə diaspor təşkilatlarımız və icmalarımızın dünyanın müxtəlif ölkələrində tədbirlərinin əlaqələndirilmiş şəkildə keçirilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü fəaliyyətin nəticəsi kimi də qiymətləndirilməlidir.

Hazırda Ermənistan ictimaiyyətinin özü də hər zaman arxalarında güvəndikləri "güclü lobbi"nin çürümüş fəaliyyətsizliyi, pərakəndəliyi, vəhşiliyi qarşısında Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, milli həmrəylik ideyası və azərbaycançılıq məfkurəsi ilə silahlanımış mütəşəkkil və səfərbər olunmuş vətənpərvər azərbaycanlılarla qarşılaşdılar. Elə məhz bu uğursuzluq Ermənistan baş nazirini əməli addımlar atmağa və diasporla iş üzrə komissarın ofisində təmizləmə aparmağa məcbur etdi. Onu erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə, xüsusilə, ABŞ, Fransa və Rusiyada Azərbaycan diasporu qarşısında aciz qalması hiddətləndirmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, XXI əsrdə XIX-XX əsrlərin təfəkkürü ilə nəyisə əldə etmək mümkün deyil. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. Əgər hər hansı bir ölkəyə qarşı çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Bu, 30 ildən artıqdır ki, Azərbaycana qarşı erməni lobbisinin timsalında açıq-aydın özünü büruzə verir. Amma baş verən hadisələr və zaman göstərdi ki, Ermənistanın daim arxalandığı "güclü erməni lobbisi"nin hazırda ənənəvi terrordan başqa güvəndiyi heç nəyi yoxdur".

Siyasi elmlər doktoru əlavə edib ki, Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədində baş vermiş son hadisələrlə əlaqədar münasibəti olduqca dəyərlidir - "Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır".


Etiketlər:  Elçin Əhmədov Azərbaycan diasporunun əlaqələndirilmiş fəalliyyəti erməni lobbisini çətin vaziyyətə saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ