Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 21:50
"Görüşəndə mənə dedi ki, həkim ona 4 il ömrü qaldığını söyləyib. Dedim, belə sözlərə fikir vermə, sən çox yaşayacaqsan".
Sonxeber.net xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında xalq artisti, məşhur diktor Sabir Ələsgərli həmkarı və sənət dostu mərhum xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun doğum günündə xatirələrini bölüşərkən deyib.
O, sənət dostunu belə yad edib:
"Rafiqlə cavanlığımız bir yerdə keçib. Gözəl dost idi. Onun məşhurluğa gedən yolu televiziyada işıqçı işindən başlayıb.
Sonra diktorluqdan sədr müavini vəzifəsinə qədər yüksəldi. O, həm Azərbaycan, həm də rus dilini mükəmməl səviyyədə bilən peşəkar diktor idi. Xarizmatik insan idi, sevənləri həddən artıq çox idi. Rafiqi təkcə Azərbaycanda yox, Rusiyada da çox sevirdilər. Ona Rusiyada televiziyada iş də təklif olunub, o vətənə hədsiz dərəcədə bağlı insan olduğundan bu təklifi qəbul etməyib.
Dostcanlı, səxavətli insan idi. Kimsə ondan nəsə xahiş etsəydi, dərhal kömək edərdi. Heç kimin sözünü yerə salmazdı".
S.Ələsgərli mərhum diktorun oğlunu itirdiyini və bu itkinin ömrünün sonuna qədər onu sarsıtdığını bildirib:
"Rafiq 17 yaşlı oğlunu faciəli şəkildə itirdi. Dəhşətli ölümdən sarsılan Rafiq ömrüboyu bu itkini unuda bilmədi. Oğlunu itirəndə dedi ki, mən niyə ölmürəm, oğlumdan sonra yaşaya bilirəm. Ömrünün sonuna qədər bu ağrı ilə yaşadı. Oğul itkisi onun qəddini əymişdi".
S.Ələsgərli həmkarının son illər ağır xəstəliklə mübarizə apardığını və bu xəstəlikdən xilas ola bilmədiyini bildirib:
"Bir dəfə Rafiq mənə dedi ki, həkim ona 4 il ömrü qaldığını söyləyib. Dedim, belə sözlərə fikir vermə, sən çox yaşayacaqsan. Elə həkim dediyi kimi oldu, 4 il yaşadı. Xəstəliklə çox mübarizə apardı, bir neçə dəfə əməliyyat olundu, amma xilas ola bilmədi. Bu gün onun yeri çox görünür".