Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 21:48
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Azərbaycan kubokunun yarımfinalının “Zirə” ilə ilk oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, o, qeydə alınan nəticənin hələ heç nə vəd etmədiyini deyib.
- Nəticə sizi razı saldı?
- Bu kubok matçıdır. Nəticədən razı qalıb-qalmadığımızı bir oyunla deyə bilmərik. İkinci qarşılaşmaya uyğun olaraq demək olar ki, yaxşı idi, ya pis. Hələ nəsə demək tezdir.
- Meydanda göstərilən mübarizə sizi cavab qarşılaşmasında lazım olan nəticəni qazanmağınıza inandırır?
- Belə deyim, inam olmasa, biz də burada olmamalıyıq. Uşaqlara, özümüzə sonadək inanırıq. Əlimizdən gələni edəcəyik. Qol buraxmamaq yaxşıdır.
- Klublar Komitəsinin iclasından sonra demişdiniz ki, finalın Naxçıvanda yox...
- Tam elə olmamışdı. Sadəcə, klublar bəzi nüansları bilmək istəyirdilər. Orada kimsə Naxçıvanda oynamaq istəmirik deyə narazılığını bildirmədi. Təşkilati cəhətdən suallar var idi.
- Bunlara aydınlıq gəldi?
- Yəqin aydınlıq gəlib ki, matçı Naxçıvanda təyin ediblər. Bu artıq Klublar Komitəsinin işi deyil, PFL-in məsələsidir.
- Digər yarımfinal cütündə “Qəbələ”nin “Qarabağ”a qalib gəlməsi sizi təəccübləndirdi? Finaldakı rəqibinizin "Qarabağ"ın olmasını istərdiniz, yoxsa "Qəbələ”nin?
- Biz hələ heç finala çıxmamışıq. Yolun 50 %-ni də keçməmişik. Ona görə də, bu barədə danışmaq yersizdir.