Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib

Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib

Tarix: 13 Avqust 2020 16:18

Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, əsas diqqəti Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafına yönəldən K.Nurullayeva Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramovun ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etməsinin əhəmiyyətini də vurğulayıb: "Dövlət başçılarımızın da hər zaman altını çizərək söylədiyi kimi, Azərbaycanla Türkiyə arasında hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Biz eyni zamanda bütün beynəlxalq təşkilatlar çərçivəsində də vahid mövqedən çıxış edirik. Azərbaycan Prezidenti İlham Əliyevin də hər zaman vurğuladığı kimi, biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda fəal işbirliyi aparmaqla bir-birimizin gücünü artırırıq. Azərbaycanın xarici işlər naziri C.Bayramovun ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə gəlincə, bu, yüksək səviyyəli münasibətlərin növbəti nümunəsidir. Nazirlər arasında baş tutan görüşdə tərəflər münasibətlərin daha da genişləndirilməsi perspektivlərini müzakirə etdilər. Aydın oldu ki, həm Bakı, həm də Ankara mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda bundan sonra da davam etdirilməsində maraqlıdır".

K.Nurullayeva, həmçinin qardaş ölkənin Dağlıq Qarabağ münaqişəsilə bağlı ədalətli mövqeyinə də toxunub: "Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi hər zaman prinsipial və ədalətli olub. Nazirlərimiz arasında baş tutan müzakirələrdə də bəyan olundu ki, beynəlxalq birliyin, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin səmimi şəkildə səy göstərməsi tələb olunur: "Bu, həm də Minsk Qrupu üzvü kimi Türkiyənin qətiyyətinin göstəricisidir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdə növbəti dəfə Azərbaycana dəstək ifadə etdi - hər nə olursa olsun, Türkiyə Azərbaycanın yanındadır. M.Çavuşoğlunun "qardaş Azərbaycan hansı həll yoluna qərar verəcəksə, onun yanında olacağıq" söyləməsi bir daha ölkələrimiz arasında siyasi sahədə həmrəyliyin ən yüksək səviyyədə davam etdiyini göstərir.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə rəsmiləri həmrəy olduqlarını bu günə qədər davamlı surətdə göstəriblər, beynəlxalq qurumlarda və təşkilatlarda bu həmrəylik davam etdirilir. Bu gün qardaş Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin rəsmiləri bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana dəstək ifadə etməkdədirlər".

Millət vəkili Azərbaycanın da bütün məsələlərdə, beynəlxalq arenalarda daim Türkiyənin haqq işini dəstəklədiyini diqqətə çatdırıb: "Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı də eyni ilə Türkiyə dövlətinin və xalqının yanındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bəyan etdiyi kimi, elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Çünki Azərbaycan-Türkiyə birliyi əbədidir və biz öz gələcəyimizi bu möhkəm təməl üzərində inkişaf etdiririk."


Etiketlər:  Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ