Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu tarixdən koronavirusa yoluxanların sayı artmağa başlayacaq - Həkim açıqladı

Azərbaycanda bu tarixdən koronavirusa yoluxanların sayı artmağa başlayacaq - Həkim açıqladı

Tarix: 14 Avqust 2020 07:42

Ötən həftədən başlayaraq çimərliklərlə bağlı qadağalar ləğv olunduqdan sonra çimərliklərə güclü axın var. Bu vəziyyət gözlənilən olduğu üçün əvvəlcədən vətəndaşlara müraciət olunaraq, müvafiq portaldan qeydiyyatdan keçdikdən sonra çimərliklərə üz tutmaq tövsiyə olunurdu. Lakin müşahidələr də onu göstərdi ki, böyük əksəriyyət bu tövsiyələrə əməl etmədən birbaşa çimərliklərə üz tutur, nəticədə böyük sıxlıq yaranır. Bu sıxlıq isə virusun yayılma riskini daha da artırmış olur. Bəs nə etməli?

Milli.Az bildirir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışıb: "Qeyd olunan məsələnin tənzimlənməsi üçün həkim heyəti olaraq, təkliflər yazmışdıq ki, "Evdə qal" karantini ləğv edildikdən sonra bütün qapalı məkanlarda, ayrı-ayrı yerlərdə eyni anda neçə nəfərin olması təlimatı müəyyən edilməlidir. Eləcə də marketlərdə, ictimai nəqliyyatda, çimərliklərdə bu təlimat tətbiq olunmalıdır.

Məlum məsələdir ki, çimərlik məkanlarının əksəriyyəti özəlləşdirilib, sərhədlənib, ayrı-ayrı hissələrə bölünüb. Belə bir şəraitdə özəl sektorun sahibləri bu məsələ ilə bağlı məsuliyyət daşıyırlar. Onlar gərək əvvəlcədən məkanda neçə nəfərin ola bilməsini elan etməli, sosial məsafəni təmin etməlidirlər.

Televiziya ekranlarından gördük ki, çimərliklərdə sosial məsafənin gözlənilməsi üçün stol və stullar xeyli aralı məsafədə qoyulub və sairə. Lakin sonra gördük ki, bütün bunların hamısı real deyil, görüntü xatirinə imiş. Bəzən tamah, təmənna və bu kimi bu amillər hər şeyi üstələyir".

Adil Qeybulla karantin qaydalarına çox ciddi şəkildə əməl etməyin zəruri olduğunu vurğuladı:

"Eləcə də marketlərdə müşahidə edirik ki, səliqə ilə maska taxanlarla bərabər maskası çənəsində olanlar da var. Bir çoxu isə maska taxsa da, burnunu örtməkdən yayınır. Onlara bəzən nəzarət edən olmur. Market işçiləri əslində tez-tez bu məsələyə nəzarət etməli, maskalardan tələb olunan qaydada əməl edilməsi üçün mütəmadi xəbərdarlıq elanları verməlidirlər. Ancaq müşahidə edirik ki, bu cür tədbirlər yoxdur. Ona görə də ölkədə koronavirusa yoluxma halı yenidən arta bilər".

Adil Qeybulla bildirib ki, bundan sonra da qaydalara könüllü surətdə əməl olunmazsa, inzibati tədbirlərə əl atmaq lazımdır:

"Bəlkə bu yolla məsələni tənzimləyə bildilər".

Adil Qeybullanın sözlərinə görə əksəriyyət pandemiyadan nəticə çıxartsa da çox az sayda insan açıq havada maskadan istifadə edir: "Doğrudur, açıq havada maska taxmaq zəruri deyil. Lakin sıxlıq olan açıq məkanlarda da maskadan istifadə etmək lazımdır. Məsələn, şəhərin mərkəzində yerləşən "Nizami" küçəsində həddən artıq sıxlıq olur. Küçə özü dardır. Burada da gəzmək istəyən çox olur. Bir azdan açıq havada kafe və restoranların da fəaliyyətinə icazə veriləndə bu sıxlıq daha da artacaq. Unutmaq olmaz ki, pandemiya hələ qurtarmayıb. Ona görə də bu cür məkanlarda da maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir. İnsanların bir-biri ilə yaxından təmasda olması, görüşərkən qucaqlaşması, bu kimi davranışları yığışdırmaq lazımdır. Amma müşahidə edirik ki, bunlar hələ də davam edir".

Uzun müddətdir ki, koronaviruslu xəstələrin müalicəsində iştirak edən, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti, həkim Ədalət Rüstəm də mövzu ilə bağlı danışıb. Həkim qeyd edib ki, əksəriyyət nəinki çimərliklərdə, hətta qapalı məkanlarda, ictimai nəqliyyatda qaydalara əməl etməkdən yayınır: "Məlum olduğu kimi, avqustun 10-dan karantin rejimində yumşalmalar oldu, bir çox sahələrin fəaliyyətinə yenidən icazə verildi. Ayın 17-dən sonra isə kafe və restoranların açılacağı gözlənilir. Lakin müşahidə edirik ki, hələ də qapalı məkanlarda belə bəziləri maskasız gəzir. Və yaxud ictimai nəqliyyatda maskadan düzgün istifadə etmir, maskanı çənənin altında saxlayırlar. Bu o deməkdir ki, 12-13 gündən sonra, təxminən avqustun 24-25-də yenidən virusa yoluxanların sayı artmağa başlayacaq".

Qeyd edək ki, çimərliklərdə yaşanan sıxlıq ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən müraciət yayılıb. Müraciətdə "COVID -19" pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etmələri xahiş olunur:

Çimərliklərə getməmişdən əvvəl çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;

Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;

İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;

Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;

Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;

Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;

Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;

Qadağan olunmuş ərazilərdən istifadə etməmək;

Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;

Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək. Saytda adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir.

Milli.Az


Etiketlər:  Azərbaycanda bu tarixdən koronavirusa yoluxanların sayı artmağa başlayacaq Həkim açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ