Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 19:30
Ermənistan baş naziri Nikol Paşinyan BBC-nin "HARD Talk" proqramına müsahibəsində səsləndirdiyi sərsəm fikirlərlə növbəti dəfə özünü biabır edib. Onun heç bir elmi, hüquqi əsası olmayan açıqlamaları işğalçı ölkənin hökumət başçısının tarixdən bixəbər və savadsız olduğunu göstərir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Paşinyanın yaşadığı regionun real tarixi ilə yenidən, düzgün formada tanış olmasına ehtiyac var:
"Onun özünün "Qarabağ Ermənistandır və nöqtə!" ifadəsini "minillik tarix" ilə əsaslandırması əsassız və gülüncdür. Bu sərsəmcəsinə sözlərə ən yaxşı cavab Prezident İlham Əliyev tərəfindən artıq verilib. Hər kəs bilir ki, işğal edilmiş Dağlıq Qarabağ ərazisi Azərbaycanın tarixi və ayrılmaz hissəsidir. Bu, dəfələrlə tarixi və elmi sübutlarla təsdiqlənib. Buraya erməni əhali sonradan məqsədli şəkildə köçürülüb və bunu təsdiq edən faktlar ortadadır. Paşinyan isə bundan əvvəlki təxribatçı çıxışlarında uğradığı fiaskodan dərs çıxarmaq əvəzinə yenə öz uydurmalarını ortaya atmaqla dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün uğursuz cəhdlər etməklə məşğuldur.
Paşinyan sözügedən müsahibədə təkcə tarixi saxtalaşdırmağa cəhdlərlə kifayətlənməyib. İşğalçı ölkənin baş naziri bu ilin iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib. Lakin bu hərbi təxribatın da Ermənistan tərəfindən törədilməsi və onların məkrli planları artıq ifşa edilib.
Xocalıda insanlıq əleyhinə törədilən cinayəti açıq şəkildə rədd etməsi də Paşinyanın qorxaqlığının və məsuliyyəti üzərindən atmaq istəyinin nümunəsidir. Lakin onun bu cəhdləri nəticə verməyəcək. Artıq bu cür yollarla Ermənistanı guya humanist ölkə kimi təqdim etmək mümkün deyil. Bu gün dünya artıq münaqişə ilə bağlı həqiqətləri bilir, Ermənistanın işğalçı ölkə olmasını təsdiqləyir. Ona görə də Paşinyan tarixi səhvlərindən nəticə çıxarıb, Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınan ərazilərinin işğalına son qoymaq barədə düşünməlidir".