Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə qoruyucu dərmanlar COVID-19-a yoluxma riskini... - Həkimdən XƏBƏRDARLIQ

Mədə qoruyucu dərmanlar COVID-19-a yoluxma riskini... - Həkimdən XƏBƏRDARLIQ

Tarix: 16 Avqust 2020 14:54

Mədə turşusunu azaldan xalq arasında "mədə qoruyucu" adlanan dərmanlar (Proton Nasosu İnhibitorları-PNİ) mədə turşusu ilə əlaqəli xəstəliklərin müalicəsində geniş istifadə olunur. Mədə qoruyucuları olaraq bilinən bu dərmanlar mədə divarındakı proton nasosunun quruluşunu ləngidir və mədə turşusunun sekresyasını azaldır.

Sonxeber.net bildirir ki, bu haqda e-tibb.az-a dərman uzmanı, Tibb üzrə fəlsəfə doktoru Oruc Allahverdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda gündə orta hesabla 10 mindən çox qutu mədə qoruyucu (PNİ) dərman resepti yazılır.

Bu dərmanlar dünyada ən çox istifadə edilən dərmanlar siyahısında ilk üçlükdədir. PNİ-lər Dünya Səhiyyə Təşkilatı tərəfindən etibarlı sayılan dərmanlar arasındadır. Bu dərmanları uzun müddət qəbul edən insanların təxminən 25-75%-nin lazımsız istifadə etdikləri müəyyən edilib. Nəzarətsiz istifadə halında bu dərmanlar- qanda Maqnezium (Mg) və kalsium (Ca) səviyyəsini aşağı sala, B12 vitamininin çatışmazlığı, Clostridium difficile səbəbiylə ishal, xroniki böyrək problemləri, ağciyər problemləri, irəli yaşlarda demans, dəmir çatışmazlığı səbəbiylə anemiya, infarkt, sümük əriməsinə səbəb ola bilər. Buna görə digər dərmanlar kimi bu dərmanlar da doğru bir şəkildə istifadə edilməlidir. Səriştəsiz istifadə sağlamlığımız üçün çox zərərlidir və eyni zamanda ölkəmizin milli sərvətinə mənfi bir yükdür.

Həkimlər tərəfindən zəruri hesab edildikdə, PNİ-lər Helicobacter pylori kimi xəstəliklərin müalicəsində, bəzi səbəblərdən əmələ gələn mədə qanamaları, stress və s. səbəb ola biləcək mədə yaralarının qarşısını almaq üçün istifadə olunur. Müvafiq xəstələrdə istifadə edildikdə, bu dərmanların faydaları zərərlərindən çox daha böyükdür. Həkimin nəzarətində, səriştəli və xəstəyə görə təyin olunan PNİ-nın istifadəsi bu dərmanların mənfi təsir riskini azaldır.

Mədə qoruyucu dərmanlar (PNİ) COVID-19 riskini necə artıra bilər?

Elmi meta-analizlər PNİ-nin mədə-bağırsaq infeksiyası riskini artıra biləcəyini əvəllər müəyyən edib. Mədə turşusu bakteriya və viruslardan qoruyucu təsirə malikdir. Koronavirus ağız yolu ilə tüpürcəyə bulaşaraq mədə və bağırsaq traktının daxilində olan hüceyrələr içərisində tez bir zamanda çoxala bilər. Mədə turşusu digər virus və bakeryalar kimi koronavirusa qarşı da qoruyucu ola bilər. Mədə qoruyan dərmanlar (PNİ) mədə turşusunu azaltdığından, koronavirusun inkişaf edə biləcəyi mühit asanlaşa bilər və bu da virusün daha asan şəkildə bədənimizə yayılmasına səbəb olar.

Tədqiqatçılar təklif edirlər ki, səriştəsiz şəkildə gündə bir dəfə PNİ qəbul etmək COVID-19 riskini 2 dəfə artıra bilər. Gündə iki dəfə qəbul etmək COVID-19 riskini 3 dəfədən çox artıra bilər. Bundan əlavə, PNI-nin gündə iki dəfə təyin edilməsi, dəlil əsaslı deyildir və ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən tənzimlənməyib. Nəticədə, bu dərmanları həkimin məsləhəti olmadan səriştəsiz şəkildə istifadəsi sağlamlığımıza ciddi zərər verə bilər.

Son olaraq, keçmişdən bu günə qədər elmi tədqiqatlar göstərir ki, yoluxucu xəstəliklərə qarşı ən effektiv mübarizə, özünü başqa insanlardan təcrid etmə, yəni şəxsi karantin tətbiq etməkdir. Bu anlayışa, yoluxucu xəstəliklərə qarşı mübarizədə "dərmansız üsul" deyilir. Xahiş edirik, COVID-19-dan qorumaq üçün ən təsirli üsul olan fiziki məsafəyə diqqət yetirin və maska taxın. Özünüzü təcrid edin, şəxsi karantin tətbiq edin, sağlam qalın.


Etiketlər:  Mədə qoruyucu dərmanlar COVID yoluxma riskini Həkimdən XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ