Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şamaxıda fermer təsərrüfatlarında suvarma necə təşkil edilir? - AÇIQLAMA

Şamaxıda fermer təsərrüfatlarında suvarma necə təşkil edilir? - AÇIQLAMA

Tarix: 18 Avqust 2020 16:24

Bakı. Samir Əli - Trend:

Azərbaycanın fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir. Artıq minlərlə təsərrüfatda, xüsusilə intensiv bağlarda damlama suvarma sistemlərindən istifadə edilir.

Şamaxının II Çaylı kəndindən olan fermer Habil Əzimov Trend-ə açıqlamasında bildirib ki, 30 hektar üzüm bağında damlama suvarma sistemləri quraşdırılıb. Fermer müasir suvarma sistemlərinin məhsuldarlığa ciddi təsir göstərdiyini deyir: "2014-cü ildə saldığımız 30 hektar üzüm bağının 25 hektarında damlama suvarma sistemi quraşdırılıb. Bu sistem məhsuldarlığa çox ciddi təsir göstərir, müasir sulama sistemi ilə təchiz olunmuş bağlardan ənənəvi bağlara görə ikiqat, üçqat artıq məhsul götürürük. Damla sulama sistemlərinin br neçə üstün cəhəti var. Bu sistemin tətbiqi zamanı torpaq şoranlaşmır, suya qənaət olunur, alaq problemi azalır, mineralların torpağa verilməsi asanlaşır”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov isə Trend-ə bildirib ki, nazirlik müasir suvarma sistemlərinin üstünlüklərinin nəzərə alaraq fermerlərə öz təsərrüfatlarında bu cür sistemlərdən istifadə etməyi məsləhət görür. O bildirib ki, dövlət təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına dəstək verir: "Ötən ildən etibarən müasir suvarma sistemləri dövlət güzəşti tətbiq olunan kənd təsərrüfatı avadanlığı siyahısına daxil edilib. Bu o deməkdir ki, fermerlərimiz 20 faiz ilkin ödəniş etməklə suvarma sistemlərini alaraq öz sahələrində quraşdıra bilərlər. Satın alınan suvarma sisteminin dəyərinin 40 faizini dövlət ödəyir, qalan 40 faiz isə banklar tərəfindən 5 il müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, fazilərini isə dövlət ödəyir. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan yararlanmağa, təsərrüfatlarda dövlət dəstəyi ilə müasir suvarma sistemləri quraşdırmağa çağırırıq”.

Qeyd edək ki, 2019-cu ildən başlayaraq salınmış intensiv bağların hər hektarına görə dövlət tərəfindən 400-800 manat subsidiya verilir. İntensiv bağın əsas fərqləndirici xüsusiyyətlərindən biri onun müasir suvarma sistemi ilə təchiz olunmasıdır. Bağlarda damlama suvarma üsulunun tətbiqi meyvənin növündən asılı olaraq məhsuldarlığı adi bağa nisbətən 4-6 dəfə artıra bilir.


Etiketlər:  Şamaxıda fermer təsərrüfatlarında suvarma necə təşkil edilir AÇIQLAMA


RƏYLƏR