Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 18:40
Bakı. Trend:
Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası), fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə müqavilə imzalayıb.
Korporasiyadan Trend-ə verilən məlumata görə, bu müqavilə üzrə fəaliyyət Azərbaycanın maliyyə sektorunda innovasiyaların artması və rəqabətin genişlənməsinə kömək etmək məqsədilə IFC tərəfindən həyata keçirilən davamlı səylərin tərkib hissəsidir. Fəaliyyətə rəqəmsal maliyyə xidmətləri üçün infrastrukturun yaradılması daxil olacaq və bu da öz növbəsində mənfəətliliyin artması və özəl müəssisələrin böyüməsinə dəstək verilməsinə, o cümlədən bazarın investisiya üçün açılmasına səbəb olacaqdır. Bu fəaliyyət, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır.
IFC Mərkəzi Bank ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyəcəkdir. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyəcək və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradacaqdır.
“Elektron və rəqəmsal maliyyə xidmətləri müasir maliyyə sisteminin vacib elemetləridir və pandemiya dövründə daha mühüm əhəmiyyət kəsb edir. Bizim birgə səylərimiz bu xidmətlərin inkişafını, fiziki və hüquqi şəxslərin həmin xidmətləri daha tez, yerlərini tərk etmədən əldə etmələrini dəstəkləyəcəkdir və həmçinin Azərbaycan bank sisteminin müasirləşməsinə və daha çox investisiyalar üçün açılmasına kömək edəcəkdir” – IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri cənab Yan Van Bilsen söylədi.
Fəaliyyət bank xidmətlərinə çıxışı olmayan, xüsusilə də ölkədə bank filiallarının olmadığı ucqar yerlərdə yaşayan şəxslərin faydalanması məqsədilə həyata keçiriləcəkdir. Eyni zamanda, rəqəmsal maliyyə xidmətləri barədə məlumatlılığın artırılması və ölkədə maliyyə savadlılığının yüksəlməsinə dəstək verilməsi başlıca hədəflərdən olacaqdır.
Bu fəaliyyət, koronavirus pandemiyası dövründə mənfi təsirli çağırışlara qarşı Azərbaycan bank sisteminin daha müqavimətli olmasını dəstəkləmək istiqamətində IFC-nin səylərinin tərkib hissəsidir.
Azərbaycan 1995 ildən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC, ölkəyə 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində investisiya qoymuşdur. Bu maliyyə Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə sərf edilmişdir. Bundan əlavə, IFC, ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dollar ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib.
IFC haqqında
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) –Dünya Bankı Qrupunun üzvü – inkişafda olan iqtisadiyyatlarda özəl sektora istiqamətlənmiş ən iri inkişaf təşkilatıdır. Biz, kapital, təcrübə və təsirimizdən istifadə etməklə inkişaf etməkdə olan ölkələrdə bazarlar və imkanlar yaratmaq üçün 100-dən çox ölkədə fəaliyyət göstəririk. Özəl sektorun imkanlarından istifadə edərək, ifrat yoxsulluğu aradan qaldırmaq və müştərək rifahı artırmaq üçün kömək etmək üçün biz, 2019 maliyyə ilində inkişaf etməkdə olan ölkələrdə özəl şirkət və maliyyə təşkilatlarına 19 milyard ABŞ dollarından çox maliyyə investisiya həyata keçirmişik. Daha ətraflı məlumat üçün internet saytımıza daxil olmağınızı xahiş edirik: www.ifc.org.
Bizi izləyin
www.facebook.com/IFCwbg
www.twitter.com/IFC_org
www.youtube.com/IFCvideocasts
www.ifc.org/SocialMediaIndex
www.instagram.com\ifc_org
SECO haqqında
İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) İsveçrənin iqtisadi siyasət sahəsində bütün başlıca məsələlər üzrə bilik mərkəzidir. SECO-nun iqtisadi inkişaf naminə əməkdaşlıq modeli tərəfdaş ölkələrdə inklyuziv və dayanlıqlı artımı dəstəkləyir, daha çox sayda və daha keyfiyyətli iş yerləri yaratmaq, xarici ticarəti və rəqabətliliyi artırmaq, effektiv təsisatları və xidmətləri dəstəkləmək, iqlim dəyişməsinə davamlı iqtisadiyyatları təşviq etmək məqsədi qoyur. Daha ətraflı məlumat əldə etmək üçün www.seco-cooperation.admin.ch saytını ziyarət edin.