Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 18:06
Tez-tez qarşımıza xəbərlər çıxır ki, uzaqdan idarə olunan avtomobillər, yaxud da əşyalar yaradılıb. Hər hansı texnika və pultlu sxemlə işlənilir. Bəli, belə bir şeylər xarici ölkələrdə demək olar ki, adi haldır. Dünyada sayı barmaqla göstəriləcək avtomobillərdən biri artıq Azərbaycanda da var.
Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.
Lap uşaqlıqdan mexanizmlərə və elektronikaya marağı olan müsahibimiz kiçik bacarıqlarını sonradan daha da təkmilləşdirib. İxtisasca radiomühəndis olan Rüstəm Tağıyev müəllifi olduğu qurğunu şəxsi avtomobilinin üzərində yerləşdirib. Belə bir maşından dünyada cəmi 3 ədəd olduğunu deyən mühəndis avtomobilinin idarə olunan bütün sxemlərini də özü hazırlayıb. Özəlliyi isə ondan ibarətdir ki, oxşar qurğularla çalışdırılan digər avtomobillər kimi 150-200 metrlik radiusdan sonra idarəetmə imkanını itirmir.
Rüstəm Tağıyev - Radiomühəndis: "Birinci yığdığımda proqram yox idi. Sadəcə elementlərdən tranzistorlardan, rezistorlardan, diodlardan, mikrosxemlərdən, sxemləri baxıb yığmışam. Kənardan heç bir köməklik olmayıb. Birinci cizgilər üzərində bloklar yığılıb. Sonra hissə-hissə yerləşdirilib".
Amma qurğunu hər avtomobilə uyğunlaşdırmaq elə də asan deyil. Əsasən də Rusiya istehsalı nəqliyyat vasitələri bu qurğudan yararlanmaq imkanından məhrumdur. Mütəxəssislərin fikrincə maliyyə yardımı ayrılarsa, bu qurğu maşınqayırma sənayesində inkişaf etdirilə və daha çox insanların köməyinə çata bilər.
Lətif Məmmədov - Azərbaycan Texniki Universitetinin dosenti: "O müəyyən xərc tələb edir. Həmin xərclər daxilində o sistemi yaratmaq mükündür. Bu sənaye sahəsidir. Bizim avtomobil sənayemiz də var. Onlara da müraciət etmək olar ki, tətbiq etsinlər. Məsələn, fiziki məhdudiyyəti olan insanlar üçün də tətbiq etmək olar".
Qurğunun müəllifi isə yeni - səslə idarəetməyə imkan verən qurğunun üzərində işləyir. Deyir ki, tam hazırdı. Sadəcə avtomobilin üzərinə yerləşdirmək qalıb. Bu qurğuların digər avtomobillərdə tətbiqinə gəlincə, dövlət tərəfindən rəsmi icazə olmadığından hələki mümkün görünmür.