Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 14:10
Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikası Baş Prokurorluğunun və İqtisadiyyat Nazirliyinin səmərəli əməkdaşlığı nəticəsində bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına dair cinayət işi məhkəməyə göndərilmişdir.
İqtisadi fəallığın gücləndirilməsi, sahibkarlıq subyektləri üçün bazar imkanlarının genişləndirilməsi, onların hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi sahəsində keçirilmiş mütərəqqi islahatlara baxmayaraq, öz şəxsi maraqlarını təmin etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahibkarların hüquqlarını pozan vəzifəli şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Əvvəllər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə verdikləri məlumata əlavə olaraq bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Azər Allahverdiyev və həmin İdarənin Nərimanov rayon şöbəsinin müfəttişi Cahid Tahirov vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 min manat məbləğində pulun bir qismini rüşvət kimi alarkən cinayət başında yaxalanmışlar.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, Azər Allahverdiyev və Cahid Tahirov şübhəli şəxs qismində tutularaq, onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Aparılmış istintaqla Azər Allahverdiyevin Cahid Tahirovla cinayətkar əlaqəyə girməklə “Laçın Çörək Evi” adlı çörək istehsalı sexinə rəhbərlik edən vətəndaşdan vergi yoxlamalarından kənarda qalması, ümumi himayədarlıq, eləcə də, digər qanunsuz hərəkətlər müqabilində 2019-cu ilin iyul - avqust ayları ərzində ümumilikdə 3500 manat məbləğdə pulu rüşvət qismində istəyərək almasına, bundan əlavə 2020-ci ilin mart ayında Cahid Tahirovla birlikdə həmin sexə rəhbərlik edən vətəndaşdan öz qanunsuz hərəkətləri üçün 10 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsinə, nəticədə isə 6 min manata razılaşmasına əsaslı şübhələr müəyyən edilmişdir.
21 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.