Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 20:22
"Şerif"lə qarşılaşacağımız bəlli olan kimi bildirmişdim, moldovalılar olduqca çətin rəqibdir. Komandamız xarakter ortaya qoyaraq qələbə qazandı. Qurban hoca və futbolçuları, bütün "Qarabağ" camiəsini təbrik edirəm".
Sonxeber.net xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözel klubun mətbuat xidmərinə müsahibəsində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Moldova "Şerif"i üzərində qələbədən (2:1) danışarkən deyib.
- Əvvəlki illərdə daha iki dəfə "Şerif"lə qarşılaşmışdıq. Hiss olunurdu ki, rəqibimiz meydana olduqca motivə olmuş şəkildə çıxıb. Rəqibimiz fiziki cəhətdən güclü, yaxşı təşkilatlanmış komanda idi. Amma komandamız ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq rəqibə qarşı xarakterini ortaya qoydu. Erkən qoldan sonra nəzarəti əldə saxlamağa çalışırdı. "Şerif" də maksimum bacardığını etməyə çalışdı. Amma bu qələbə "Qarabağ"ın haqqı idi. Növbəti mərhələlərdə daha ciddi rəqiblərlə qarşılaşacağıq. İnanıram ki, "Qarabağ" bu oyunlara da daha yaxşı hazırlaşıb və yaxşı oyun göstərəcək.
- "Qarabağ"ı yenidən avrokubokların qruplarında görə biləcəyik?
- "Qarabağ" bu qələbəylə artıq minimum Avropa Liqasında pley-off mərhələsində oynamağı təmin etdi. Təbii ki, biz Çempionlar Liqasında yolumuza davam etmək istəyirik. Yenə də deyirəm ki, komandamın bu mübariz ruhunun, əzminin olduğuna inanıram. Amma ən azından pley-off mərhələsinin təmin olunması bizləri sevindirir. Azərbaycanımıza daha bir qrup mərhələsi həyəcanı bəxş etmək möhtəşəm olardı.
- "Qarabağ" artıq artıq yeddinci ildir ki, Azərbaycanın adını Avropada tanıdır...
- Sadəcə, son 7 ildə deyil, 2009-dan etibarən "Qarabağ" Futbol klubu mütəmadi olaraq "Qarabağ - Azərbaycan" sədalarını yaşıl meydanlarda əks etdirir. Bəli, son 6 ildə qruplara düşmüşük amma buna qədər də stabil və məqsədyönlü çalışmalarla əsas uğurun yolu açılıb. Yaxşı başa düşürük ki, başda cənab Prezidentimiz olmaqla bütün dünyadakı Azərbaycan və Türkiyə xalqı, məcburi köçkünlər bizi izləyir və bu bizim üçün çox böyük bir məsuliyyətdir. Cənab Prezidentimiz və xalqımıza bu inama görə təşəkkür edirik. Komandadakı hər futbolçu bu məsuliyyəti çox yaxşı dərk edir və bütün hər kəsi sevindirmək üçün meydana çıxır. Allaha şükür, bu məsuliyyətin öhdəsindən də indiyə qədər alnıaçıq çıxa bilmişik və bunun üçün də sona qədər öz mübarizəmizi davam etdirəcəyik."Qarabağ" öz üzərinə düşən ülvi missiyanı uğurla davam etdirir. Ən ali məqsədimiz olan Qarabağ həqiqətlərini dünyaya çatdırmaq uğrunda komandamızın avrokuboklarda davamlı olaraq uğur qazanacağına inanıram.
- Bu qələbənin sizin üçün xüsusi bir önəmi varmı?
- Bildiyiniz kimi, 3 gün öncə Cəbrayıl və Füzulinin ermənilər tərəfindən işğalının ildönümü idi. Bu qələbəmizlə məcburi köçkünlərimizlə yanaşı, bütün Azərbaycan xalqına, ölkəmizə sevinc bəxş etdiyinə və yeni qələbələrə çağırış olacağına inanıram.
- Komandamızda yeni transferlərin oyunlarını necə dəyərləndirirsiniz?
- Hiss olunur ki, yeni transferlər komandaya uyğunlaşmaq üçün əllərindən gələni edir. Qurban hoca qısa zamanda yeni gələnlərin adaptasiyası üçün önəmli işlər görüb. Uroş Matiç komandaya yaxın zamanlarda qoşulsa da, qol hesabını açdı. Kevin Medina müdafiədə əzmkarlığı, inadkar oyunu ilə göz oxşadı. Qurban hocaya belə az müddətdə onlarda "Qarabağ" xarakteri, mübarizliyi formalaşdırdığı üçün təşəkkür etmək lazımdır. İnanıram ki, yeni gələnlər hələ yenə də "artıracaq", zamanla onların öz oyunları ilə "Qarabağ" qalasının dəyişilməz parçaları olacaqlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, heyətimizdə yetərincə gənc futbolçu var. Onların da yetişməsində əcnəbilərin təcrübəsinin, idmançı xarakterlərinin çox önəmli olacağını düşünürəm. Bunun nəticəsində zamanla daha yaxşı komplektləşmiş, əzmkar, mübariz "Qarabağ" görəcəyik.