Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 17:02
Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazov 88 yaşında vəfat edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, T.Alxazovun elmi tədqiqatlarının əsas istiqaməti oksidləşdirici heterogen katalizi sahəsi olmuşdur. Onun rəhbərliyi ilə ilk dəfə keçmiş SSRİ məkanında tərkibində molibden saxlayan oksid katalizatorlarından istifadə edilərək, bir sıra qiymətli üzvi maddələrin alınmasının üsulları işlənib hazırlanmış və sənaye miqyasında tətbiq edilmişdir.
AMEA-nın müxbir üzvü T.Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanmışdır.
Elmdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, apardığı elmi işlərin nəticələri Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarına layiq görülmüşdür.
Uzun müddət ABŞ-ın Kaliforniya ştatında yerləşən Parsons şirkətində elmi məsləhətçi kimi fəaliyyət göstərən alim Azərbaycan elmini ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil etmişdir. O, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda iştirak etmişdir.