Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 21:56
Hazırda ölkəmizin yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində ardıcıl islahatların davamlılığını şərtləndirir. Normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlaşdırılması, insan hüquqlarının təmini baxımından dövlət orqanları və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində Ombudsmanın Aparatı və regional mərkəzlərinin fəaliyyəti davam etdirilir.
Ombudsman Aparatından Sonxeber.net-a bildirilib ki, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş dövlət proqramları, ölkəmizin ratifikasiya etdiyi beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər üzrə fəaliyyətin icrası istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığa əsaslanan fəaliyyətin də dairəsi genişləndirilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) UNİCEF-in Ölkə Ofisi ilə əməkdaşlığı çərçivəsində illik fəaliyyət planına uyğun olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinin həyata keçirilməsi məqsədilə ayrıca istiqamət olaraq sosial işçi və hüquqşünaslardan ibarət tərkibdə fəaliyyətin icrasına başlanılıb. Bu fəaliyyət təhsil, səhiyyə, sosial, penitensiar müəsisələrdə və sığınacaqlarda monitorinqlərin, sorğuların keçirilməsinə, uşaq hüquqları sahəsində mövcud çətinliklərin aradan qaldırılmasına və ölkədə həyata keçirilən islahatlara dəstək verəcək.
Qeyd olunmalıdır ki, COVID-19 pandemiyası dövründə bu fəaliyyət davam etdirilib, mövcud epidemioloji vəziyyətdə əhalinin bütün qruplarının Ombudsmana müraciəti üçün tam əlçatanlıq təmin olunub. Elektron qaydada və sosial şəbəkələr (facebook, twitter), habelə qaynar xətlər vasitəsilə əhali qruplarının Müvəkkilə ünvanlanan müraciətləri qəbul edilməkdədir.
Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin yerləşdikləri və əhatə etdikləri ətraf rayonlar, şəhərlər üzrə fəaliyyəti də regionlardan olan müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından əhali qrupları üçün əlavə imkanlar yaradır.