Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 17:03
Prezident İlham Əliyev Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasında iqtisadi islahatların davam etdirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə qərara alınır ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etsin.
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının 2-ci hissəsinə "əlvan" sözündən sonra "və qara" sözləri əlavə edilir.
Həmçinin, "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının 1-3-cü hissələri ləğv edilir.
Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görəcək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.