Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

Tarix: 8 Sentyabr 2020 23:52

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək "Houcher" adı altında "Karin" musiqi albomuna daxil edilib və bir sıra platformalarda yayımlanıb. Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın "Muziekpublique" şirkətinə qarşı müvafiq tələblər irəli sürülüb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Əqli Mülkiyyət Agentliyinə daxil olmuş yeni məktubda "Muziekpublique" şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza Ismaili şirkət adından edilmiş səhvin səbəb olduğu bütün ziyanlara görə üzr istəyiblər.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, onlar bu musiqinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda, onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək, bu vəziyyətdən çox üzgün olduqlarını qeyd ediblər.

Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşərək edilən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.

Bundan əlavə, məktubda "Karin" albomunun yenidən hazırlanması zamanı "Houcher" mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin Vardan Hovanissian və Emre Gültəkinə aid olmadığı, "Kor ərəbin mahnısı" əsərinin orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və şirkətin bununla bağlı səhv etdiyini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də şirkətin "Houcher" mahnısının bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.

Plagiatçılıqla məşğul olanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin və Fikrət Əmirovun vərəsələrinin ciddi nəzarətindədir. Məsələnin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Etiketlər:  Belçika şirkəti Fikrət Əmirovun ərəbin mahnısı əsərinin mənimsənilməsini etiraf etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ