Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 12:36
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Bakı şəhərində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının yerli bələdçilər üçün təşkil etdiyi təlim keçirilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərovanın iştirakı ilə keçirilən təlimlərdə aktiv şəhər bələdçiləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Zaqatala Turizm İnformasiya Mərkəzi və Şəki Xan Sarayının bələdçiləri iştirak ediblər.
Təlimlər ərzində iştirakçılara beynəlxalq standartlara əsaslanan peşə etikası, gəzinti, avtobus və məkan kimi tur formatlarında praktiki və nəzəri biliklər, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər tədris edilib.
Yeddi gün davam edən təlimlər mövzuya uyğun olaraq müxtəlif məkanlarda həyata keçirilib.
Belə ki, gəzinti turu üçün Nizami və Xaqani küçələri, avtobus turu üçün Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Koroğlu dairəsi, məkan turu üçün isə Milli Xalça Muzeyi seçilib.
Bələdçilərə düzgün mövqeləşmə, turizm obyekti haqqında dolğun informasiya vermək, tur ərzində təhlükəsizlik qaydalarına riayət etməyin mühümlüyü, Ümumdünya Turizm Təşkilatının təqdim etdiyi müasir turizm trendlərinə əsasən turun tərtibatı, bələdçi peşə etikası və ölkə təmsilçiliyi ilə bağlı informasiyalar verilib.
Avqust ayı ərzində təlimçilərin və moderatorun yekun yoxlamasından sonra uyğun bal toplamış iştirakçılar Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası tərəfindən akkreditasiya edilmiş sertifikatlarla təltif ediləcəklər.
Bu cür təlimlərin bələdçi sənayesi üçün mühümlüyünü nəzərə alaraq növbəti aylarda da təşkil edilməsi planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin