Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin Aqrar siyasət komitəsi iş planını açıqladı - FOTO

Milli Məclisin Aqrar siyasət komitəsi iş planını açıqladı - FOTO

Tarix: 22 Sentyabr 2020 17:40

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirildi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, komitə sədri Tahir Rzayev həmkarlarını yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.

Sonra T.Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi. Vurğulandı ki, ötən dövrdə komitə gərgin işləyib. 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub. Ötən dövrdə komitədə "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" "Ovçuluq haqqında" "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Torpaq icarəsi haqqında", "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalar və Mülki Məcəllələrdə dəyişiklik edilməsi barədə sənədlərə baxılaraq, Milli Məclisin plenar iclasına tövsiyə edilib. Bu qanun layihələrinin əksəriyyəti qəbul olunub.

Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, müvafiq qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif səpgili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə vaxtaşırı seçicilərini məlumatlandırıblar. Hesabat məqbul hesab edildi.

Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

Millət vəkilləri Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev müzakirə ediləcək sənədlərlə ilə bağlı fikirlərini açıqladılar, təkliflərini bildirdilər. İş planı təsdiq edildi.


Etiketlər:  Milli Məclisin Aqrar siyasət komitəsi planını açıqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ