Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 13:09
Keçən dəfə fevral ayındakı görüşümüzdən bəri regionumuzda bir çox şey dəyişib. Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir. Ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılmışdır. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə etmişlər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olmuşdur və bir mülki şəxs də öldürülmüşdür. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilmişdir. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı. Lakin budəfəki kimi təcavüzkar formada olmamışdır.
Bildiyiniz kimi, bir müddət əvvəl sərhəddən ordumuz çıxarılmışdır və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, bizim Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir. Ola bilsin ki, bu, onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir. İyulda hücumların məqsədi, dediyim kimi, əsasən Azərbaycanın yeni ərazilərini işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi. İkinci səbəb Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi. Növbəti səbəb, zənnimcə, onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirdilər. Məğlub olduqdan dərhal sonra onlar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdilər".