Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məsuliyyətin bir hissəsi həmsədrlərin, bir hissəsi də BMT-nin üzərinə düşür''

''Məsuliyyətin bir hissəsi həmsədrlərin, bir hissəsi də BMT-nin üzərinə düşür''

Tarix: 25 Sentyabr 2020 15:36

"Prezident İlham Əliyevin BMT tribunasında dünyanın diqqətinə çatdırılması vacib olan və arqumentli şəkildə həqiqətən çatdırılan məsələlərdən biri də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış indiki durum, bu durumun hərəkətsiz, ətalət vəziyyətindən çıxarılması üçün gərəkli işlərin görülməsi və eləcə də Qarabağ probleminin həlli prosesinin sürətləndirilməsi üçün beynəlxalq vasitəçilərin, birinci növbədə ATƏT-in Minsk Qrupunun məsuliyyətinin artırılması ilə bağlı oldu".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Azərbaycan diplomatiyasının həyata keçirdiyi intensiv izahat və təşviq işləri nəticəsində artıq dünya status-kvonun mahiyyətnin nədən ibarət olduğunu anlayıb və qəbul etməyə başlayıb:

"Azərbaycan Prezidenti çox haqlı olaraq qeyd etdi ki, Minsk Qrupunun həmsədrləri Qarabağ probleminin indiki durumunda olan status-kvonun dəyişdirilməsinin zəruriliyi ilə bağlı öz fikirlərini açıq şəkildə dəfələrlə bildiriblər. Əlavə edim ki, hətta Minsk Qrupunun həmsədri olan üç ölkənin (ABŞ, Rusiya, Fransa) dövlət başçıları səviyyəsində də bu, üçtərəfli bəyanat formasında səsləndirilib. Yaxud Minsk Qrupunun həmsədri olan ölkələrin ayrı-ayrı dövlət başçıları tərəfindən də ayrılıqda səsləndirilib. Yəni, bir vaxtlar hətta ciddi bir məsələ kimi status-kvonun dəyişdirilməsinin mahiyyəti heç də hamıya aydın olmadığı halda, məhz Azərbaycan diplomatiyasının həyata keçirdiyi intensiv izahat və təşviq işləri nəticəsində artıq dünya status-kvonun mahiyyətnin nədən ibarət olduğunu və onun dəyişdirilməsinin labüd olduğunu anlamağa və qəbul etməyə başlayıb. Bu gün dünyada heç bir təşkilat, dövlət rəsmisi tapmaq mümkün deyil ki, hətta Ermənistanın strateji müttəfiqi sayılan dövlətlərin belə rəsmilərinin dilindən eşidilməyib ki, status-kvo dəyişməməlidir. Status-kvonun dəyişdirilməyini bu gün dünyada qəbul etməyən və ona qarşı çıxış edən demək olar ki, yoxdur. Bu, sözsüz Azərbaycanın qələbəsidir və bu məsələnin Azərbaycan Prezidentinin növbəti dəfə BMT-nin mötəbər tədbirində qaldırması heç də təkrar deyil".

A.Quliyev onu da qeyd edib ki, status-kvonun dəyişdirilməsi üçün Minsk Qrupu həmsədirlərinin dövlət başçıları tərəfindən çox ciddi və təsirli addımlar atılmasına ehtiyac var:

"Hamı bilməlidir ki, Azərbaycan Prezidenti bu dəfə bu məsələni xüsusi olaraq yeni bir görkəmdə təqdim etdi. Bu da ondan ibarətdir ki, Minsk Qrupunun həmsədrlərinin status-kvonun dəyişdirilməsi ilə bağlı məsələni qəbul etmələri bir fakt kimi qeyd olunur, amma sadəcə olaraq bunu nominal şəkildə qəbul etmək hələ işin hamısı demək deyil. Çünki Minsk Qrupunun həmsədrlərinin bu məsələni sözdə qəbul etmələri hələ praktikada dəyişiklik demək deyil, hansı ki, biz doğrudan da praktikada bir dəyişiklik görmürük və bunu çox görmək istəyirik. Ona görə, Azərbaycan Prezidenti məsələni çox düz qoydu ki, status-kvonun dəyişdirilməsi üçün Minsk Qrupu həmsədirlərinin dövlət başçıları tərəfindən çox ciddi və təsirli addımlar atılmasına ehtiyac var. Həm də bu addımlar birinci növbədə Minsk Qrupunda həmsədr olan ölkələrin başçıları tərəfindən atılmalıdır. Yəni, Rusiya, Fransa və ABŞ rəhbərləri üçlükdə Ermənistana təsir göstərə və status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının məlum 4 qərarının qeyri-şərtsiz icra olunmasına təhrik və məcbur edə bilərlər. Bu 3 dövlətin hər biri ayrılıqda Ermənistanla olan xüsusi münasibətlərə söykənərək Ermənistanı təklikdə buna vadar edə bilərlər. Eyni zamanda Azərbaycan Prezidenti real olaraq bu saat addımların atılması üçün BMT-nin özünün rəhbərliyinin və Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin də məsuliyyət daşıdığını ifadə etdi və aktuallaşdırdı. Çünki Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsi və status-kvonun dəyişdirilməsinə yönəlik addımların atılmasına sövq edilməsində məsuliyyətin bir hissəsi Minsk Qrupunun həmsədrlərinə bağlıdırsa, onun müəyyən və həlledici bir hissəsi də məhz BMT rəhbərliyinin üzərinə düşür. Buna görə, Azərbaycan Prezidentinin BMT-də səsləndirdiyi bu fikri perspektivli və gələcəyə yönəlmiş təsirli, vədedici bəyanat kimi dəyərləndirmək olar".

Təhməz Əsədov


Etiketlər:  Məsuliyyətin hissəsi həmsədrlərin hissəsi üzərinə düşür


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ