Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 10:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 30 sentyabr saat 23:59-da başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 6‑cı sayında dərc olunub.
Subbakalavrlar da müsabiqədə iştirakı etmək üçün sentyabrın 30-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 8-ci sayından seçə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
29 sentyabr saat 9:40-a olan məlumata əsasən ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə 824, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 10686 elektron ərizə təsdiqlənib.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.