Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 14:45
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərginin açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, sərgidə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğız Respublikası Xarici İşlər nazirinin müavini Nuran Niyazəliyev çıxış ediblər.
Nuran Niyazəliyev çıxışında Azərbaycan və Qırğızıstan arasında münasibətlərə toxunub:
"İki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq hər zaman uğurla aparılıb. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk".
Sevda Məmmədəliyeva qeyd edib ki, Dünya İrs Komitəsinin sessiyaları təkcə rəsmi müzakirələr, görüşlər məkanı deyil, bu çərçivədə müxtəlif tarixi, maddi-mədəni miraslara həsr olunmuş sərgilər də keçirilir. Bu baxımdan Qırğızıstana həsr olunmuş sərginin açılışı əlamətdar hadisədir: “Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Sərgi bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir".
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin