Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DTX veteranı: Ermənilərin son təxribatları onların müharibəyə başlamasına işarə idi

DTX veteranı: Ermənilərin son təxribatları onların müharibəyə başlamasına işarə idi

Tarix: 30 Sentyabr 2020 13:24

Bakı. Samir Əli - Trend:

Erməni silahlı qüvvələrinin təmas xəttində son vaxtlar ard-arda həyata keçirdiyi təxribatlar onların müharibəyə başlamasına işarə idi.

Bunu Trend-ə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, ehtiyatda olan polkovnik Azər Qarayev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti bununla bağlı dəfələrlə beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə məlumatlar versə də, onlar bu təxribatlarından əl çəkmək istəmədilər: "İyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədərək kəndlərimizi ağır artilleriyalardan atəşə tutması, avqust ayında erməni diversiya qrupunun Azərbaycan ərazisinə keçərək təxribata cəhd etməsi artıq onların müharibəyə başlamasından xəbər verirdi. Və nəticədə sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri təmas xəttində növbəti təxribatlar törədərək Azərbaycanın yaşayış məntəqələrində dinc sakinləri iriçaplı silahlardan atəşə tutuldu və kəndlərimizə ağır artilleriya zərbələri endirərək mülki şəxslərin həyatına təcavüz etdi. Bundan sonra Azərbaycanın Ali Baş Komandanı Azərbaycan Silahlı Qüvvələrinə əks-həmlə hücumu tapşırığı verdi. Nəticədə həmişə olduğu kimi bu dəfə də düşmən layiqli cavabını alaraq geri çəkildi. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistan Silahlı Qüvvələri böyük itki ilə geri çəkilmək məcburiyyətində qalıblar. Amma buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri yenidən təxribatlara əl atır, yaşayış məntəqələrimizdə dinc sakinləri hədəfə alırlar. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən erməni ordusu yalnız mülki şəxslərimizi hədəfə almaqla öz xislətlərini ortaya qoyur. Tərtərdə mülki şəxslər arasında həlak olan və yaralananlar var. Bundan başqa Naftalan şəhərində bir evin ağır artilleriyalardan atəşə tutulması nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin 5 üzvü həlak olub. Bütün bunlar hələ də ermənilərin təxribatlarına davam etməsidir. Ermənistan silahlı qüvvələri Daşkəsən rayonunda dinc sakinləri atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri onların da layiqli cavabını verib".

A.Qarayev qeyd edib ki, xalq Azərbaycan Silahlı Qüvvələrinə daim güvənir və onları dəstəkləyir: "Bir vətəndaş kimi mən də Azərbaycan Silahlı Qüvvələrini alqışlayıram və yaxın günlərdə Azərbaycanın işğal altında olan ərazilərinin tam olaraq işğaldan azad ediləcəyinə inanıram. Mən keçmiş döyüşçü kimi, təhlükəsizlik xidməti əməkdaşı kimi işğal altındakı ərazilərimizin azad olunması xəbərlərinə ürəkdən sevinirəm, alqışlayıram. O vaxt Azərbaycan Ordusundakı pərakəndəlik, idarəçilikdəki boşluqlar nəticəsində erməni hərbi birləşmələri öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etdilər. Amma artıq Azərbaycan Ordusu kifayət qədər formalaşıb, güclənib və komplektləşdirilib. Azərbaycan Ordusu yaxın vaxtlarda işğal altındakı torpaqlarımızı tam olaraq azad edəcək".


Etiketlər:  veteranı Ermənilərin təxribatları onların müharibəyə başlamasına işarə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ