Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 18:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənilər tərəfindən həyata keçirilən separatist fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılmış, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülmüşdür.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə bildirilib ki, müvəqqəti olaraq digər bölgələrə köçürülən peşə təhsil müəssisələri arasında Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Fizuli Dövlət Peşə Təhsil Mərkəzi yer almaqdadır.
Qubadlı Peşə Məktəbi, Zəngilan Peşə Məktəbi, Şuşa Peşə Məktəbi, 1, 3 və 5 saylı Ağdam Peşə Məktəblərinin fəaliyyəti isə dayandırılmışdır. Qeyd edək ki, işğaldan öncə Cəbrayıl şəhərində Cəbrayıl Peşə Məktəbi fəaliyyət göstərib, sözügedən şəhər 4 oktyabr 2020-ci il tarixindən etibarən Ordumuz tərəfindən azad edilib.
Hazırda Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda uğurlu hərbi əməliyyatları həyata keçirməkdə davam edir. Fəaliyyəti dayandırılmış və müvəqqəti olaraq başqa əraziyə köçürülmüş müəssisələrin tezliklə öz fəaliyyətlərini bərpa edəcəkləri barədə nikbinik!