Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 18:06
Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəsin ilk anından etibarən işğalçı dövlətin bu razılaşmanı kobud şəkildə pozması onun sülh danışıqlarında maraqlı olmadığını əsaslı şəkildə təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibələri tərəflər arasında istər son təxribatlarla, istərsə də əldə olunan humanitar razılaşma ilə əlaqədar fərqli yanaşmalara, ən əsası Azərbaycanın haqlı, Ermənistanın isə həmişə olduğu kimi, yenə də yalanlarla həqiqəti ötr basdır etmək cəhdlərinə bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısının natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider olduğunu, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur. Belə ki, cənab İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edərək, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq başla qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən bisavad küçə uşağı təəssüratını bir daha təsdiqlədi.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, möhtərəm Prezidentimiz bir daha bu məqamlara aydınlıq gətirdi ki, işğalçı dövlətin baş nazirinin hakimiyyətə gəldiyi ilk gündən danışıqların formatını dəyişmək cəhdi, qondarma "Dağlıq Qarabağ respublikası"nın qondarma "rəhbərinin" danışıqlarda tərəf kimi iştirakında maraqlı olması, onun ardınca "Qarabağ Ermənistandır" bəyanatı, daha sonra isə Livandan, Suriyadan erməniləri işğal altında olan ərazilərimizdə məskunlaşdırması Nikol Paşinyanın sülh danışıqları masasında oturmaqdan yayındığını, yeni ərazilər uğrunda müharibə planı hazırladığını konkret faktlar əsasında ortaya qoydu. Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar, sonra dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışları əsasında nail olduğu humanitar atəşkəsi pozaraq cəbhə bölgərindən uzaq ərazilərimizi intensiv raket atəşinə tutması Paşinyanın bu razılaşmanı terrorla əvəzlədiyinə işıq saldı.
V.Rəhimzadə bildirib ki, müsahibədən də göründüyü kimi, dövlətimizin başçısı aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Ermənistanın baş naziri isə yenə də eyforiyaya qapılaraq kompromis variant kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı "qırmızı xətt" kimi göstərir. Kompromis barədə sualın üç dəfə təkrarlanması və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır. Bir daha bu reallıqda əksini tapır ki, beynəlxalq hüququn mövcudluğunu belə inkar edən tərəflə danışıqlar aparmaq, bundan müsbət nəticə gözləmək əbəsdir.
Baş redaktor bu ümumiləşdirməni aparıb ki, istər bügünədək cərəyan edən proseslərdən, istərsə də bir müsahibə çərçivəsində ünvanlanan suallara yanaşmadan bu fərq daha aydın nəzərə çarpır ki, bir tərəfdə müasir, güclü, innovasiyalar ölkəsi olan Azərbaycana davamlı uğurlar qazandıran qalib lider, digər tərəfdə öz ölkəsini və xalqını fəlakətə sürükləyən, iqtisadi böhran içərisində çabalamasını şərtləndirən yalançı və avantürist, rəzil bir rəhbər dayanıb: "Bu fərqlilik hər iki tərəfə ünvanlanan "Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiniz. Tarixdə necə qalmaq istəyərdiniz" sualına cavabdan da aydın görünür. Dövlətimizin başçısı İlham Əliyev bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçün isə bu, işğalçı müharibədir. Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür. Bu suala cavabı iradəsini ifadə etdiyi xalq verə bilər. Paşinyan isə erməni xislətinə sadiq qalaraq bu suala cavabında da acizliyini göstərir. Siyasətdən, tarixi reallıqlardan bixəbər olan bir şəxsin Ermənistan kimi kəskin təzadlar ölkəsinə rəhbərlik etməsinin özü uçurumun astanasında dayanmaqdır. Sərbəst sual hər iki ölkənin rəhbərinə həqəqətlərə həqiqətin dili ilə cavab vermək şəraiti yaratdı. Cənab İlham Əliyev tarixə, Azərbaycan həqiqətlərinə faktların dili ilə müraciət etdiyi halda, N.Paşinyan bu imkandan öz avantürasını davam etdirmək üçün fürsət kimi bəhrələndi. Müsahibələr, ümumilikdə, bu qənaətə əsas verdi ki, Rusiya auditoriyası cənab İlham Əliyevin simasında bir tərəfdə təcrübəli, fikirlərini auditoriyaya məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lideri, digər tərəfdə isə özünü itirmiş, zəif mövqe və məhdud potensiala, dar düşüncəyə malik, həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, cılız və miskin Paşinyanı görür. Ermənistan bu gün təxribatları ilə nəyəsə nail olacağını düşünsə də, bunun sabun köpüyündən başqa bir şey olmadığını dərk edir. Çünki Azərbaycan dövlətinin qətiyyəti, xalqın iradəsi, ordumuzun gücü Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olunacağına əminliyi artırır və o gün uzaqda deyil".