Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 15:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Düşmən raketlə artillleriya zərbələrinin atılması üçün Bərdəni təsadüfən seçməyib. Bərdə bu regionda Gəncədən sonra infrastukruru inkişaf edən və əhalisi çox olan ikinci şəhərdir.
Trend-in məlumatına görə, bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib.
Onun sözlərinə görə, Bərdədə ticarət geniş inkişaf etdiyindən ətraf rayonların sakinləri bu şəhərə tez-tez ticarət məqsədilə gəlirlər.
O qeyd edib ki, Bərdəyə atılan raket atəşləri nəticəsində xəsarət alanlar arasında yalnız Bərdə sakinləri deyil, Gəncə, Ağdam və digər ətraf rayonların sakinləri də olub.
İcra başçısı erməni terrorunun Bərdə sakinlərini qorxutmadığını da söyləyib:
“Bərdədə həyat öz axarı ilə gedir. Dünən Bərdədə ən çox pambıq yığılan gün olub ki, həmin gündə də 1100 ton pambıq yığılııb. Bu, o deməkdir ki, Bərdədə həyat öz axarı ilə davam edir, artıq sakinlər erməni terroruna vərdiş ediblər, çünki belə hallar tez-tez olur. Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır və tezliklə qələbənin olacağına əmindir”.