Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 17:15
Azərbaycanın rəşadətli Ordusunun 35 günlük apardığı ədalətli müharibə uğurlu qələbələrlə yadda qaldı.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, müzəffər ordumuz qısa bir dövrdə işğal olunmuş torpaqların əhəmiyyətli hissəsini azad edib:
"Demək olar ki, düşmənin 4 ildə müharibə ilə işğal etdiyi torpaqlarımızı ordumuz 35 gündə azad edib. Təbii ki, bu, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun böyük təcrübə qazanması və müasir texnologiyalara əsaslanmış silahlara yiyələnməsi sayəsində mümkün olub. Silahlanmamızdakı müasir texnologiyalar ordumuzun daha az itkilərlə daha çox uğur qazanmasına kömək edir. Amma hər qarış torpağımızı işğaldan azad edən Azərbaycan əsgəridir.
İşğalçılara qarşı mübarizəmizin indiki fazası dağlıq ərazilərdə aparıldığını nəzərə alsaq, hər gün azad edilən bir qarış torpağımız da xalqımızda böyük qələbə sevincini yaşadır.
Müharibə başlanana qədər biz beynəlxalq idman arenalarında idmançılarımızın düşmən tərəfi üzərində qələbə əldə olunanda böyük sevinc yaşayırdıqsa, artıq bu sevincini bizə müzəffər ordumuz yaşadır. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun bizə yaşatdığı sevinc hislərimiz xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması deməkdir.
Onu da qeyd etrmək lazımdır ki, belə çətin bir dövrdə ölkəmizə qarşı informasiya müharibəsi də güclənib. Bu müharibədə cənab Prezidentin xarici mətbuat orqanlarına verdiyi müsahibələri xalqımız üçün ən böyük silahdır. Bu gün ölkəmiz üçün vacib informasiya müharibəsində hər birimiz iştirak etmək imkanına malikik və sosial şəbəkələrdəki ifadələrimizi ancaq rəsmi mənbələrə əsaslandırmalıyıq. Biz hamımız əl-ələ verib bu mübarizəyə qoşulsaq, heç bir xarici qüvvə ölkəmizə qalib gələ bilməyəcək. Onsuz da bu günün qəhrəmanı Azərbaycan əsgəri və xalqıdır. Bizim birliyimiz tarixi qələbəmizi tezləşdirir.
Biz birlikdə güclüyük! Qələbə bizimlədir!".