Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arzuları ürəyində qaldı bacımın..." - Erməni terroru nəticəsində sönən ocaq - FOTO

Tarix: 4 Noyabr 2020 20:38

Mənfur ermənilər zaman-zaman hər fürsətdə xalqımıza qarşı soyqırımı törədiblər. XX əsrin əvvəllərindən tutmuş birinci Qarabağ savaşınadək yaşanan soyqırımları qan yaddaşımıza yazılıb. 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımının şahidləri isə hələ də o dəhşətli günlərin əzabı ilə yaşayırlar. Əliyalın insanlara qarşı zorakılıq edərək onların doğma yurdlarını tərk etməsinə də aman verməyən düşmən öldürdüyü dinc sakinlərin cəsədlərini belə ağlagəlməz işgəncələrlə tanınmaz hala salmışlar. Bu soyqırımı siyasəti bu gün də davam etdirilir. Cəbhədə Azərbaycan Ordusu qarşısında tab gətirməyən ermənilər heyflərini dinc sakinlərdən çıxır. Cəbhə xəttindən uzaqda yerləşən Gəncədə, Bərdədə və digər şəhərlərimizdə dinc əhaliyə qarşı törədilənlər xalqımıza qarşı uzun illərdir davam edən soyqırımının davamıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, son bir ayda erməni terroru nəticəsində 7 azərbaycanlı ailə tamamilə məhv olub. Onlardan biri oktyabrın 11-də Gəncəyə atılan raket zərbəsindən həyatını itirən Ələsgərovlar ailəsidir. Dördnəfərlik ailə illər öncə qızlarını gəlin köçürüb. Həmin dəhşətli gecədə isə evdə üç nəfər olublar. Ailə başçısı Ceyhun Ələsgərov, onun yoldaşı Təranə və övladları Ülvi. Düşmənin atdığı raket nəticəsində üçü də həyatını itirib...

Ailənin qohumu Teyyub Xıdırovla deyir ki, partlayış baş verən gecə dağıntılar altından onların cansız bədənini, bir də xoşbəxt ailə fotolarını çıxarıblar: "İki gün əvvəl Ceyhungilə qonaq getmişdim. O, cəbhədən gələn xəbərləri diqqətlə izləyirdi. Özü qarabağlı idi, deyirdi, torpaqlar azad olunsun uşaqları da götürüb gedərik. O gecə atılan raket onun arzularını ürəyində qoydu. Bir ailə silindi yer üzündən...".

Təranə xanımın bacısı Eslanda Xıdırova da baş verən faciə ilə barışa bilmir. Ailənin oğulları ilə bağlı gözəl arzuları olduğunu, həmin gecə bu arzuların hamısının puç olduğunu göz yaşları ilə dilə gətirir. "Mən Təranədən böyüyəm. Ancaq həmişə ona arxalanırdım, elə bilirdim böyük odur. Arzuları ürəyində qaldı bacımın... İnana bilmirəm, elə bilirəm sağdırlar", - deyə Eslanda göz yaşlarını saxlaya bilmir.

Təranə xanım və Ceyhun bəyin qızları ilə görüşmək istədik. Lakin valideynləri və qardaşının ölümündən bərk sarsıldığından danışa bilmədi. Beləliklə, oktyabrın 11-də düşmən daha bir azərbaycanlı ailənin ocağını söndürdü. Bu, azərbaycanlılara qarşı törədilən soyqırımının davamıdır. Cəbhədən uzaqda yaşayan dinc əhaliyə tuşlanmış, qadağan olunmuş raketlərlə törədilmiş bir cinayət...

Milli.Az


Etiketlər:  Arzuları ürəyində qaldı bacımın Erməni terroru nəticəsində sönən ocaq FOTO


RƏYLƏR