Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 17:36
"Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, bu il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində vətəndaşlara, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması həyata keçiriləcək. Bu məqsədlə yaradılan Dövlət Komissiyası erməni təcavüzü nəticəsində mülki vətəndaşlarmıza və obyektlərə dəymiş bütün ziyanı qiymətləndirəcək. İşğalçı ordunun nəinki cəbhə xəttində, hətta döyüş zonasından uzaq şəhərlərimizdə də mülki vətəndaşları və obyektləri hədəfə aldığını nəzərə alsaq, dəymiş ziyanın miqyasının necə böyük olduğunu təsəvvür etmək çətin olmaz".
Sonxeber.net bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Dövlət Komissiyası qiymətləndirmə nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası üçün tələb olunan maliyyə vəsasitinin məbləğini də hesablayacaq. Dəymiş ziyan barədə nəinki yerli ictimaiyyətə, eləcə də beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara məlumat veriləcək.
O bildirib ki, bununla da, erməni təcəvüzü nəticəsində mülk vətəndaşlarımıza, sahibkarlarımıza dəyən ziyan Azərbaycan dövləti tərəfindən kompensasiya ediləcək: "Bu, dövlətin öz vətəndaşının yanında olmasının bir daha göstəricisidir. Eyni zamanda, davam edən savaşda erməni işğalçıları tərəfindən mülki vətəndaşlara yeni ziyanlar dəyərsə, o da qiymətləndiriləcək və ödəniləcək. 30 illik işğal dövründə Azərbaycana dəyən ziyanın da qiymətləndirilməsi aparılacaq. İşğalçı ordu uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırım edib. Demək olar bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıldılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir. Bu isə işğal altında olan ərazilərimizdə erməni barbarlığının bir sübutudur".
V. Bayramov nəzərə çatdırıb ki, Azərbaycan yeni, quruculuq mərhələsinə daxil olur: "Bu mərhələ 30 illik həsrətin sona enməsi və uzun müddət işğal altında olan ərazilərimizə həyatın qısa zamanda qayıtması deməkdir".