Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 15:40
Bakı. Samir Əli - Trend:
Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu atəşə tutması nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.
Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Elçin İbrahimov deyib.
O bildirib ki, hazırda işçi qrup üzvləri Bərdə rayonunun 6 kəndində dəymiş ziyanı müəyyənləşdirib: "Bərdə rayonunda 6 kənd və rayon mərkəzinə ciddi ziyan dəyib. 1 həftədir ki, kəndlərdə dəymiş ziyanı müəyyən edirik. Hazırda kəndlərdə araşdırmalar başa çatdırılıb. Komissiya üzvləri rayonun mərkəzində də araşdırmalara başlayıb. Erməni təxribatı nəticəsində Bərdə rayonunda ən çox ziyan rayon mərkəzinə dəyib. Hazırda rayon ərazisində dəymiş ziyanın miqdarı müəyyən edilir".
Xatırladaq ki, Dövlət Komissiyasının üzvləri müharibə dövründə ziyan çəkən Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Gəncə, Beyləqan, Goranboy, Naftalan və digər ərazilərə ezam olunub.