Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 16:36
Bu günlərdə Paris meriyası daxili yazışmalarından bizə sızan məlumatlara görə, Paris meriyası qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa hazırlaşır.
Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.
Ekspert bildirib ki, Paris meriyasının qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq təşəbbüsündə "İrəli Fransa" partiyasından olan şura üzvlərinin rolu çox böyükdür:
"Paris Fransada həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Fransanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil. Həmçinin Paris Fransanın polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu tək şəhərdir.
Şəhərin "Paris Şurası" idarəetmə orqanı 163 nəfərdən ibarətdir və şura digər şəhərlərdəki kimi birbaşa səsvermə ilə seçilmir. Öncə yeni şura seçilir, ardınca isə yeni Şura şəhər merini və onun müxtəlif idarəetmə sahələrini əhatə edən 40 müavinini seçir. Qeyd edim ki, umumilikdə Fransa ənənəvi ermənipərəst dövlətdir. Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad etdiyi 44 gün ərzində Fransa və onun qeyri-ciddi prezidenti Emmanuel Makron ermənilərdən daha çox ermənilik etdi. Özünü qeyri-ciddi prezident kimi növbəti dəfə təsdiqləyən Makron Azərbaycanda guya Yaxın Şərqdən gələn müzdluların dini cihad aparmasını bəyan etməkdən çəkinmədi. Burada onu da qeyd etmək lazımdır ki, Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi "İrəli Fransa" partiyası Paris Şurasında geniş şəkildə təmsil olunur və Paris meriyasının qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq təşəbbüsündə məhz "İrəli Fransa" partiyasından olan şura üzvlərinin rolu çox böyükdür".
Y.Hacıyeva qeyd edib ki, bu prosesin şəxsən Emmanuel Makron tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur:
"Ümumiyyətlə isə Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə həmişə tanınıb və İdalqo erməni lobbisinin tam nəzarətindədir. Parisin meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır, müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan fransız ermənilərinin təşkilatı CCAF-ın (Fransa erməni təşkilatlarının koordinasiya şurası) rəhbəri Ara Toronyanın qızıdır. Bu ara Toronyan Parisdə gecə klublarının sahibi və çirkli reputasiyası olan bir şəxsdir. Ermənipərəst biri kimi Ann İdalqo 2015-2018-ci illərdə Ermənistan prezidenti Serj Sarqisyanla 4 dəfə görüşüb.
Ermənistanda yaradılmış "TUMO - Center for Creative Technologies" mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. Onu da qeyd edim ki, Ann İdalqo hətta TUMO-nun Xankəndidəki ofisində də olub. Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datiyə qarşı Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanırdılar.
Fransada erməni kilsəsinin açılışında iştirak edib və qondarma "erməni soyqırımı" günləri müxtəlif illərdə dəfələrlə tvitlər paylaşıb. 2018-ci ildə təşkilatçıları Murad Papazyan və Ara Tonoyan olan, CCAF- Fransa erməni təşkilatlarının koordinasiya şurası-nın ümumFransa ermənilərinin tədbirində isə Ann İdalqo Emmanuel Makronla birlikdə iştirak etmişdi. Bir sözlə, bu prosesin Fransa hakimiyyəti, şəxsən Emmanuel Makron tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur".
Təhməz Əsədov