Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağa qayıdacaq vətəndaşlarımızdan boşalan mənzillər kimlərə verilə bilər? - AÇIQLAMA

Qarabağa qayıdacaq vətəndaşlarımızdan boşalan mənzillər kimlərə verilə bilər? - AÇIQLAMA

Tarix: 18 Noyabr 2020 16:46

Azərbaycanın Rəşadətli Ordusunun Dağlıq Qarabağda qalibiyyətindən sonra işğaldan azad olunan torpaqlarımızda tezlikllə yenidənqurma işləri başlayacaq.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, belə olan təqdirdə Azərbaycan ərazisində müxtəlif şəhərciklərdə məskunlaşan məcburi köçkün olmuş vətəndaşlarının könüllü şəkildə doğma ərazilərinə qayıdacağı labüddür.

Məcburi köçkün və qaçqınların Dağlıq Qarabağdakı ərazilərə yerləşəcəyi təqdirdə onların buna qədər təmin olunduğu mənzillər boş qalacaq. Könüllü və dövlətin dəstəyi və himayəsi ilə doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın boşaldacağı mənzillərdən hansı istiqamətdə istifadə ediləcəyi və kimlərə təqdim olunacağı hələlik məlum deyil.

Nəzərə almaq lazımdır ki, məcburi köçkünlər üçün Azərbaycanda 110-dan çox şəhərcik salınıb və həmin ərazilərdəki minlərlə mənzilin zamanla boşalacağı istisna deyil. İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, boş qalan mənzillər daşınmaz əmlak bazarına böyük təsir edəcək:

"Böyük qayıdış planı ilə bağlı detallar bizə məlum olmasa da, görünən odur ki, bu məsələdə könüllülük prinsipi tətbiq ediləcək. Bundan sonra torpaları işğaldan azad olunan məcburi köçkünlər üçün mənzillə təminetmə proqramı dayandırılacaq.

Bu günə qədər mənzillə təmin olunmuş şəxslərin həmin mənzillərdən istifadə etmə imkanları olacaq. Amma böyük bir köç müşahidə ediləcək. Əminəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti bu günün həsrəti ilə yaşayırdılar və onların böyük əksəriyyəti öz yurd-yuvalarına qayıdacaqlar.

Belə olan təqdirdə daşınmaz əmlak bazarı üçün böyük bir ehtiyat - hazır mənzillər balansı formalaşacaq. Düşünmürəm ki, bu mənzillərin hamısı dövlət tərəfindən satışa çıxarılmalıdır. Çünki Vətən Müharibəsi dövründə kifayət qədər şəhidlərimiz, veteranlarımız və qazilərimiz olub. Onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil təminatı həyata keçirilə bilər. Bununla bağlı ölkə başçısı da yaralı hərbçilərlə görüşlərinin birində fikir səsləndirib. Bu proqram halını ala bilər və həmin insanlara mənzillər təmir edilməklə təqdim oluna bilər".

Ekspert xatırladıb ki, Azərbaycanda müxtəlif sosial qruplara proqramlar çərçivəsində mənzillə təminetmə prosesi davamlı olaraq həyata keçirilir: "Bura əlillər, az təminatlı ailələr daxildir. Həmin mənzillər bu qruplara da təqim oluna bilər.

Nəzərə almaq lazımdır ki, hər bir binanın istismar müddəti var. Bu səbəbdən istismar müddətindən səmərəli istifadə etmək lazımdır. Bu binaların istismar müddəi 50-70 il olur. Burada səmərəli istifadə ehtiyac var.

Dövlətin zəruri ehtiyacı müəyyən edildikdən sonra yerdə qalan hissəsinin bazara təklif edilməsində fayda var. Çünki işğaldan azad olunan ərazilərin bərpası üzrə böyük vəsaitlər lazım olacaq. Bununla bağlı müxtəlif qiymətləndirmələr var. Tam olaraq nə qədər xərcin gedəcəyini müəyyənləşdirmək mümkün olmayıb. Söhbət 50-60 milyard dollardan, təxminən 90-100 milyard manata yaxın puldan gedir. Bu çox böyük vəsaitdir və onun mənbələri formalaşmalıdır. Şaxələnmiş mənbələrə hesabına bu vasitlər təmin edilməlidir: Özəl sektor və mailiyyə institutlarının, donorların prosesə cəlb edilməsi, dövlət büdcəsi imkanlarının səfərbər edilməsi, Dövlət Neft Fondunun ehtiyatlarının müəyyən bir qisminin yönəldilməsi və s.

Eyni zamanda digər alternativ maliyyə mənbəyi kimi həmin mənzillərin bazara təklif edilməsi də mümkündür. Mənzillərin bazara təklif edilməsi, ümumiyyətlə böyük qayıdışdan böyük şəhərlər üzrə, xüsusən də Bakı və Abşeron yarımadası üzrə tələb və təklif nisbətində vəziyyət dəyişəcək. Qeyd edilən və dövlət balansında olan əmlak, həmçinin Mənzil İnşaat Dövlət Agentliyinin fəaliyyəti qiymətlərin optillaşması üçün əlverişli şərait yarada bilər.

Bu sonda Azərbaycanda mənzil əlçatanlılıq imkanının artmasına gətirib çıxara bilər. Daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsinə və optimallaşmasına, dolayısı ilə mənzil əlçatanlılığının artmasına, eyni zamanda Azərbaycanda əhalinin həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaran alətə çevrilə bilər".


Etiketlər:  Qarabağa qayıdacaq vətəndaşlarımızdan boşalan mənzillər kimlərə verilə bilər AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ