Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 11:50
Bakı. Trend:
“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatması və Azərbaycanın qələbəsinə həsr olunmuş onlayn konfrans keçirib.
Trend-in məlumatına görə, konfransda qonaq qismində Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası qrupun üzvü, politoloq, TREND İnformasiya Agentliyinin baş direktorunun müavini, yazıçı və ictimai xadim Arzu Nağıyev iştirak edib.
O, sentyabrın 27-də erməni qoşunlarının təxribatçı fəaliyyəti nəticəsində Ermənistanla Azərbaycan arasında başlamış müharibənin yekunları barədə danışıb. Bildirib ki, əks-həmlə nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpaqlarını azad edib. A.Nağıyev bu münaqişədə Azərbaycanın mövqeyini dəstəklədiyi üçün İsrail dövlətinə, israilli dostlarına təşəkkür edib və Azərbaycanda anadan olmuş German Zaxaryayevin rəhbərlik etdiyi STMEGİ beynəlxalq xeyriyyə fondunun maddi köməyini xüsusi vurğulayıb.
Onlayn konfransda İsrail tərəfdən Maalot-Tarşiha şəhərinin meri, bakılı Arkadi Pomeranets, Yokneama şəhərinin birinci vitse-meri Roman Peres, Holon şəhərinin vitse-meri, bakılı Mixail Sutovski, Kiryat-Byalik şəhərinin vitse-meri, “Azİz” assosiasiyasının idarə heyətinin üzvü Nyuma Raçevski iştirak edib.
“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak noyabr ayında Azərbaycanda qeyd olunan bayramlar – Dövlət bayrağı günü, Konstitusiya günü, Milli dirçəliş günü və bunlara əlavə olunan Qələbə günü münasibətilə iştirakçıları təbrik edib.