Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut

Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır - İnstitut

Tarix: 27 Noyabr 2020 12:14

Bakı. İlhamə İsabalayeva - Trend:

Qablaşdırma məmulatlarının istehsalında istifadə edilən plastik materiallar ekoloji cəhətdən daha çirkləndirici xammal hesab edilir.

Bunu Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyasının Qida və qida əlavələri bölməsinin rəhbəri Şiralı Zərbalıyev deyib.

Onun sözlərinə görə, hazırda plastik, metal, ağac, kağız, karton, şüşə, keramika əsasında və ya onların bir neçəsindən eyni zamanda istifadə edilməklə yüzlərlə çeşiddə qablaşdırma məmulatı istehsal olunur.

AQTİ rəsmisi əlavə edib ki, plastik tullantıların təbiətdə çürüyərək torpağa qarışması 10 illər ərzində baş verir. Həmçinin, günəş şüalarının təsirindən plastik tullantıların təbiətə buraxdığı uçucu toksiki maddələr uzun illər atmosferə çirkləndirici təsir göstərir. Buna baxmayaraq, hazırda dünyada plastik qablaşdırma materiallarının istehsalı milyard tonlarla ölçülür. İstehsalının ucuz başa gəlməsi, asanlıqla təkrar emal edilməsi, geniş spektrdə və fərqli formalarda tətbiq edilə bilməsi onların geniş yayılmasına şərait yaradır.

Ş.Zərbalıyev qeyd edib ki, qablaşdırma məmulatlarının ekologiyaya vurduğu zərərlə yanaşı, qida məhsullarının keyfiyyətinə də təsiri böyükdür. Belə ki, qablaşdırma materialları qida məhsulları ilə uzun müddət bilavasitə təmasda olduğu üçün onlardan qidanın tərkibinə zərərli maddələrin miqrasiyası mümkündür. Məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması son illərdə daha da aktuallaşdığı üçün bu sahədə geniş tədqiqatlar aparılır.

İnstitutun bölmə rəhbəri bildirib ki, elmi araşdırmalar nəticəsində bir sıra qablaşdırma materiallarının, o cümlədən plastik qablaşdırmaların məhsulların keyfiyyətinə təsir etdiyi, onların istehsalında istifadə edilən maddələrin bir qisminin qidanın tərkibinə miqrasiya etdiyi aşkar olunub. Məlum olmuşdur ki, sintetik xammaldan istifadə etməklə hazırlanan, xüsusən müxtəlif məqsədlər (sərtliyin və elastikliyin əldə edilməsi, müxtəlif rəngli məhsulların istehsal edilməsi və s.) üçün istehsal edilən qablaşdırma məhsullarından toksiki maddələr qidaya miqrasiya edir:

"Qablaşdırma materiallarından qidanın tərkibinə miqrasiya edə bilən maddələrə ftalatlar, "Bisfenol A", vinilxlorid, formaldehid, ağır metallar və onlarla digər maddələri misal göstərmək olar ki, bu maddələrin çox az səviyyəli qatılıqları insan orqanizminə mənfi təsir göstərə bilər. Belə ki, formaldehid, "Bisfenol A", ftalatlar insanda daxili sekresiya vəzlərinin fəaliyyətində və endokrin sistemdə bir sıra pozuntuların yaranmasına, sinir sisteminə kəskin toksiki təsir göstərməsinə, eləcə də xərçəng riskinin artmasına gətirib çıxarır".

Ş.Zərbalıyev deyib ki, bütün bunları nəzərə alaraq, hər bir istehlakçı məhsulu alarkən qablaşdırılmasına diqqət yetirməli, təbii xammaldan (şüşə, keramika, kağız və s.) hazırlanmış qablarda satılan qidaya daha çox üstünlük verməlidir:

"Son illərdə təbiətə vurduğu zərərin qarşısını almaq məqsədilə bir sıra dünya ölkələri plastik qablaşdırma məmulatlarının istehsalından mümkün qədər imtina edilməsi üçün qərarlar qəbul edir. Dünya ölkələrində olduğu kimi, ölkəmizdə də son illərdə keyfiyyətsiz qablaşdırma materiallarının istifadəsinin minimuma endirilməsi üçün bir sıra tədbirlər görülməkdədir".


Etiketlər:  Qablaşdırma istehsalında istifadə edilən plastik materiallar daha çirkləndirici xammaldır İnstitut


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ