Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 16:09
Bütün müharibələr dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Lakin doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq deməkdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini daim əziz və uca tutur, onlarla fəxr edir:
"Şəhidlərimiz bizim azadlıq, müstəqillik, enilməzlik, qəhrəmanlıq simvolumuzdur. İkinci Qarabağ müharibəsində qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu oldu. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər".
S.Hüseynova deyib ki, ermənilər 30 ildir torpaqlarımızı işğalda saxlamaqla həm də özlərinə möhkəm istehkamlar qurmuşdular, özlərini "məğlubedilməz" hesab edirdilər:
"Bəzi ərazilər həm də dağlıq, dərəlik, meşəlik idi, relief baxımından mürəkkəb quruluşa malik idi və düşmən də həmin ərazilərdə özünə müdafiə xətti yaratmışdı. Hesab olunurdu ki, Azərbaycan həmin müdafiə xəttlərini keçə bilməyəcək, çoxlu sayda itki verəcək.
Lakin Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi, müasir silah-sursat, hərbi texnika və texnologiyadan geniş istifadə olunması, ən əsası, hərb tarixində ilk dəfə yeni döyüş standartlarının tətbiqi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi və düşmənin müdafiə xəttlərini qısa bir zamanda yarıb keçdi".
Deputatın sözlərinə görə, birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.