Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sən demə girdiyim ev Mxitaryana məxsus imiş'' - Şuşada döyüşən idman jurnalistimiz

''Sən demə girdiyim ev Mxitaryana məxsus imiş'' - Şuşada döyüşən idman jurnalistimiz

Tarix: 29 Noyabr 2020 09:34

"Sentyabrın 29-da Şəki rayon Hərbi Komissarlığından avtobuslarla yola düşdük. Karvan hərəkətə keçəndən rayonu tərk edənə qədər valideynlərin, sakinlərin xeyir-duası, alqışları ilə hərəkət etdik. 4 saatdan sonra Gəncə şəhərində "N" saylı hərbi hissəyə çatdıq. Qapıdan içəri daxil olandan sonra 4 il qabaqkı əsgərlik həyatına qayıtdım. Bir qədər dincəldikdən sonra bizi anbara aparıb hərbi forma ilə təmin etdilər və necə deyərlər, xidmətimiz başladı".

Sonxeber.net bildirir ki, bu sözləri Fanat.az-a müsahibəsində Vətən Müharibəsinin iştirakçısı, Offsideplus.az saytının əməkdaşı Daşqın Əziz deyib. 

Gənc idman jurnalisti Vətən Müharibəsi ilə bağlı təəssüratlarını saytımızla bölüşüb: 

- Bizim uşaqlığımız Birinci Qarabağ müharibəsinin psixoloji travması ilə keçib. 28 il sonra o gün gəldi və Azərbaycan müharibəyə başladı. Ümumiyyətlə, müharibə başlayanda, xüsusilə də özün çağrılanda hansı hisslər keçirdin?
 

- Dediyin kimi, biz bu travmalarla böyümüşük. Hərbi komissarlıqdan zəng gələndə "baş üstə" deyib dərhal hazırlaşdım və böyük həvəslə yola düşdüm. Hər birimizin arzusu idi ki, bu tarixi an gərçəkləşsin və əlimizdən gələni edək. Açığı ən böyük istəyim müharibədə hərbi müxbir kimi iştirak etmək idi, lakin bu alınmadı və əlimdə kamera yox, silahla yenə də vətənə xidmətimi etdim.

- Gəncəyə çatdıqdan sonra nələr yaşandı?

- Gəncədə bizə təminat verildikdən sonra vaxt itirmədən təlimlərə başladıq. Təlimlərimiz gecə-gündüz fərq etmədən davam edirdi. Əsasən Şəmkir rayonundakı yüksəkliklərə qalxıb orada dağ döyüş taktikalarını mənimsəyirdik. Komandirlərimiz xırda detalına qədər bizə hər şeyi öyrədirdilər. Hardasa 1 ay həmin təlimlərdə iştirak etdik. Artıq yaxşı mənada səbrimiz tükənmişdi və döyüşə girmək istəyirdik. Komandanlığa tez-tez "biz nə vaxt cəbhəyə gedəcəyik" sualını verirdik. Onlar isə təbəssümlə "darıxmayın igidlər, hər şeyin öz vaxtı var" deyirdilər. 

- Və gün gəldi, həmin an yetişdi...
- Səhər saat 5-in yarısı "həyəcan" komandası ilə toplandıq. Ala-qaranlıqda bizim üçün ayrılmış avtobuslar qapılarını açdı. Hissə-hissə maşınlara yerləşdik və hərəkət başladı. Əsgər yoldaşlarımla birgə bir məqamı gözləyirdik. Görəsən avtobus karvanı sağa, yoxsa sola dönəcək? Sağa dönsəydi, yenə də Şəmkir rayonuna təlimə gedəcəkdik. Ancaq bu dəfə istədiyimiz səmtə yönəldik. Bu an hamı bir ağızdan "Əla", "Eşq olsun", "Qabağa gedirik" deyə qışqırdı. Təxminən 6 saatdan sonra Füzuli rayonuna gəldik. Mülki sakinlər bizi alqışlayır, imkanları nəyə çatırdısa, kömək edirdilər. Hətta bir azyaşlı əlində iki alma ilə qaçaraq maşınımıza yaxınlaşdı və onları bizə verdi. Həmin anlarda hər birimiz qürurlu idik ki, xalqla ordu necə də möhtəşəm birliyə sahibdi. Füzulinin kəndində orta məktəbə yerləşdirildik və 3 gün orada qaldıq. Dördüncü günümüzdə artıq işğaldan azad edilmiş torpaqlara aparıldıq.

- O müqəddəs torpaqlara ayaq basmaq çox həyəcan və qürurverici olar... 
- Əlbəttə. Çox həyəcanlı və inanılmaz anlar idi. Yol boyu vurulmuş düşmən maşınları, hərbi paltarlarını görürdük. Erməni dilində yazılmış plakatlar da dağıdılmışdı. Yolda ani tapşırıqla bütün karvan dayandırıldı. Çünki düşmənin pilotsuz uçuş aparatı səmada müşahidə aparırdı. Həmin aparat yoxa çıxdıqdan sonra yenidən yolumuza davam etdik və təyin olunan yerə gəlib çatdıq. Ətraf ancaq vaxtilə bizə məxsus olan dağılmış evlər, ermənilərə məxsus geyimlər, düşmənin atıb qaçdığı silah-sursat və mal-qaradan ibarət idi. Ac idik və əraziyə düşən kimi danalardan birini kəsdik (gülür). Qida ehtiyacımızı ödədikdən sonra özümüzə səngərlər qazmağa başladıq. Bu səngələrdə həm gecələyəcəkdik, həm də düşmən tez-tez həmin ərazini artilleriya atəşinə tuturdu deyə özümüzə daldalanacaq düzəldirdik. 5 gün qaldıqdan sonra artıq tarix və zəfər dolu Şuşa səfərinə çıxdıq.

- Ordumuzun Şuşa şəhərini azad etmək üçün həyata keçirdiyi misilsiz əməliyyat dünya hərb tarixinə düşəcək əməliyyatlardan biri sayılır. Bunu hərbi ekspertlərin açıqlamalarında oxudum. Hətta türklər, ruslar belə bundan danışırdılar. Xoşbəxt adamsan ki, o döyüşlərin canlı şahidi, iştirakçısı olmusan. Biraz orada yaşananlardan danış bizə. 
- Ayın 6-sı gecə ilə Şuşaya yol aldıq. "Ural" maşınları ilə meşənin içində olduqca çətin və dolanbaclı yollarla Şuşaya qalxdıq. Yolda bir neçə dəfə maşınımız aşma təhlükəsi ilə qarşılaşdı. İşıqları söndürə-söndürə mənzil başına çatdıq. Yol boyu mürgüləyirdik və birdən lap yaxınımızdan top atəşinin səsi eşidildi. Ani refleks olaraq dərhal silahlarımızı doldurub maşından tökülüşməyə hazırlaşdıq. Komandirlər isə narahatçılığa əsas olmadığını və onların bizim topçularımız olduğunu bildirdilər. Səhər saat 6-nın yarısı gəlib ünvana çatdıq. Çatdıqdan sonra meşəliyə aparıldıq və orada artıq yük çantamız və digər əşya kisələrini bir kənara qoyduq. Təkcə silah-sursat, qoruyucu jilet və dəbilqəmizi götürüb döyüşə girdik. Daşaltı dərəsi ilə kəndə düşdük. Həmlə şəklində kəndi mühasirəyə aldıq və düşmən əsgərlərinin necə qaçdıqlarını gördük. Bizə öyrədilən döyüş taktikası ilə irəliləyir, mövqe tutaraq uzanıb atəş açırdıq. Düşmən isə fürsət tapıb 82 mm-lik minaatanlardan bizə atəş açırdı. Şükür ki, həmin ərəfədə itkimiz olmadı və qoyulan tapşırığı yerinə yetirdik. Kənd tamamilə boşaldılmışdı. İçəridə qalan bir-iki mülki sakin idi. Hərbiçilər geriyə baxmadan qaçmışdılar. Yol boyu daraqlarını, patronlarını götürürdük ki, özlərinə qarşı ataq. Özümə də yuxu kimi gəlirdi ki, kəndin azad olunmasında birbaşa iştirak etdim. Əsas məsələ isə qarşıdaydı. Şuşa şəhəri...

Daşaltı kəndini azad etdikdən sonra təxminən 7 kilometr məsafə yol qət etdik. Dağları aşdıq. Zirvələrə qalxa-qalxa Şəmkirdə keçdiyimiz təlimləri yada salırdıq. Sən demə dağa qalxıb-düşmə bunun üçün imiş.
 
- Demək ki, bir ay keçdiyiniz təlim bu günlər üçün imiş... 
- Bəli. Artıq dillər əzbəri olan mahnıda deyildiyi kimi, Şuşa dağlarının başını duman almışdı (gülür)... Göz gözü görmürdü. Bir-birimizi itirməmək üçün iti addımlarla hərəkət edirdik. Dağa qalxa-qalxa itburnu və əzgil yeyirdik ki, bədənimizdə taqət olsun. Çünki yemək çantamızı artıq Daşaltıda döyüşə girməzdən qabaq atmışdıq. Hava qaralanda gəlib Şuşanın asfalt yoluna çıxdıq. Həmin vaxt sakitçiliyə riayət etməyimiz dəfələrlə tapşırılmışdı. Yoldaşlarımızdan biri siqaret yandırmışdı ki, bir dəqiqə sonra ermənilər minaatanlardan həmin ərazini atəşə tutdu. Hava çox soyuq idi. Yerə uzanıqlı halda gözlədik ki, atəş dayansın. Mərmi yağışı səngiyəndən sonra üzüaşağı asfaltla yola düşdük və gəlib Şuşa şəhərinin girişinə çatdıq. Həmin gecə qismən təhlükəsiz mövqedə kamp qurduq və dincəlməli idik. Çünki səhəri gün ölüm-qalım döyüşünə gedəcəkdik.
 
- Harada və necə oldu ki, yaralandın? Döyüşlə bağlı xatirələrini bizimlə paylaşarsan?
- Ayın 8-i günorta saatlarında toplandıq və "İrəli" əmri verildi. Cərgələrlə hücuma keçdik. Ermənilər minaatanlarla atırdı deyə qaça-qaça, yerə uzana-uzana hərəkət edirdik. Bir anlıq sakitlik yarandı və normal qaydada yeridik. Elə həmin anda da kol dibində gizlənən ermənilər bizi avtomatlarla atəşə tutmağa başladı. Dərhal qayalığın dibinə sığındıq və "bismillah" deyib başladıq üzbəüz döyüşə. Onlar atır, biz atırıq. Gördüm biri əlində silah vurnuxur. Dəbilqəsi yellənir. Tək-tək atışla gözəyarı nişan alıb 4 mərmi atdım. Bu 4 mübarək mərmidən biri bu erməninin düz başından dəydi və qəfil də atəş dayandı, dəbilqəsi dığırlandı kənara. Bunun ardınca qalxıb "ziqzaqvari" qaçışla irəli getdim. Minaatanlar başımıza elə yağırdı ki, heç göz açmağa imkan yox idi. Xankəndi tərəfdən Şuşanın giriş yolu artıq bizim nəzarətimizdə idi. Xüsusi təyinatlılarımız isə Şuşa şəhərinin içini artıq tam nəzarətə götürmüşdülər.  Ermənilər qaçıb Xankəndiyə yığılmışdılar. Döyüş gedə-gedə gördüm ki, yaralı qardaşlarımız kömək istəyir. Birtəhər mərmilərdən yayınıb onlardan birinə köməyə düşdüm. Gördüm ki, hər iki ayağı və başının sol tərəfindən qəlpə dəyib. Qanaxması çox idi. Tez "juqut"umla ayağını dizdən yuxarıdan sıxdım ki, qanaxması dayansın. Daha sonra onu çəkib iri daşın arxasına uzatdım. Ayağa qalxdığım anda qorxunc nərilti ilə minaatan mərmisi 10 metrliyimə düşdü. Özümü yerə tulladım. Beynim silkələndi, qulaqlarım heç nə eşitmirdi. Ancaq uğultu və mərmi səsləri gəlirdi. Özümdə güc tapıb durub yeridim. Yoldaşlarım çağırdı ki, xərəyi daşımağa kömək edəm. Gedib xərəkdən yapışdım. Yaralı olan əsgərimiz yalvarırdı ki, onu döyüş meydanından tez çıxaraq. Var gücümüzlə gedirdik. Artıq nəfəsimiz kəsilirdi. Ürək sanki yerindən çıxacaqdı. Dedim xərəyi qoyaq yerə biraz nəfəs dərək. Həmin vaxtı yaralı yoldaşımız üşüdüyünü və üzərinə nə isə atmağımızı xahiş etdi. Gördüm asfaltda erməni "buşlat"ı var. 2 saniyəyə onu çəkib çıxarıb qardaşımızın üzərinə atdım və birdən sol böyrümə sanki dəyənəklə möhkəm vurdular. Əyilib baxdım ki, qan axır. Güllə ilə vurmuşdular. 10 saniyə keçmədi ki, həmin nahiyə buz kimi oldu, keyidi. Çox həyəcanlandım, artıq özümün də ölümlə üz-üzə gəldiyimi gördüm. Ayağa qalxmaq istədim alınmadı. Uşaqlar isə mənə köməyə gəlmək istədilər və həmin an dedim ki, mən duracam özüm, Ülvini dartıb çıxarın burdan, çox qan itirib. Minaatan mərmiləri dalqabaq atılırdı, heç cür imkan yox idi ayağa durub hərəkət etməyə. Sürünə-sürünə qayalığın dibi ilə Şuşaya tərəf getdim. Yalan olmasın, haradasa yaralı-yaralı 2 kilometrə yaxın yol qət etmişdim. Şuşaya çata-çatda XTQ çavuşlarından biri mənə səsləndi və qoluma girərək meşəliyə apardı. Meşənin içi ilə Şuşa qalasına qalxdıq. Düşmən snayperi isə başımın üstündə idi. Güllənin məni keçib qarşımdakı ağaca dəydiyini görürdüm. Artıq mənə hər şey adi gəlirdi. Ölüm 2 saniyənin işi idi. Sonranı düşünmürdüm, ancaq qan içində atdığım addımlar və güllə, mərmi səslərini yaşayırdım. Gəlib qalaya çatdım və oradakı yaralıların yanında uzandım. Susuzluqdan dilim-ağzım qurumuşdu. Sağ-salamat əsgərlərimizdən birinin əlində su gördüm və istədim. Lakin o, qanaxmaya görə suyu mənə vermədi. O vəziyyətdə belə hər şeyi gözə alıb birtəhər o suyu götürdüm və içdim. Daha sonra bizi təxliyyə etmək üçün zirzəmilərə yerləşdirdilər. Sən demə zirzəmisinə girdiyim ev ermənilərin dünyaca məşhur futbolçusu Mxitaryana məxsus imiş. Şuşada ikimərtəbəli lüks villa tikdirən Mxitaryan nə vaxtsa azərbaycanlı idman jurnalistinin gəlib orada müalicə alacağını heç ağlına gətirərdi? (gülür)


Etiketlər:  Sən demə girdiyim Mxitaryana məxsus imiş Şuşada döyüşən idman jurnalistimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ