Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan regionda yeni təhlükəsizlik formatı yaratdı'' - Politoloq

''Azərbaycan regionda yeni təhlükəsizlik formatı yaratdı'' - Politoloq

Tarix: 2 Dekabr 2020 11:57

"Prezident İlham Əliyevin Laçın rayonunun azad olunması münasibətilə xalqa etdiyi müraciət konseptual xarakter daşımaqla münaqişə ətrafında cərəyan edən hadisələrin ardıcıl və praqmatik təhlili üzərində qurulmuşdu".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Ceyhun Əhmədli ötən gün Prezident İlham Əliyevin xalqa müraciətini şərh edərkən deyib.

Politoloq bildirib ki, bu müraciətin mətnində həm Ermənistan rəhbərliyinin, həm də regionda marağı olan qlobal güclərin nəticə çıxarmalı olduğu çox önəmli məqamlar var:

"Cənab Prezident münaqişənin tarixi-siyasi aspektlərini real faktlarla əsaslandırdı, mənfur Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuz fəaliyyətləri, o cümlədən Azərbaycanın təbii sərvətlərinin düşmən tərəfindən vəhşicəsinə istismar edilməsini real statistik rəqəmlərlə ifşa etdi. Bəzi Qərb dairələrinin açıq ermənipərəst ritorika sərgiləməsinin tutarlı arqumentlərlə ifşası da diqqətdən yayınmadı. Fikrimcə, bu müraciətin mətnində həm Ermənistan rəhbərliyinin, həm də regionda marağı olan qlobal güclərin nəticə çıxarmalı olduğu çox önəmli məqamlar ehtiva olunub.

Faktoloji və müqayisəli şəkildə əsaslandırıldı ki, Ermənistan dövləti 30 ildir Qarabağın təbii sərvətlərindən və iqtisadi resurslarından qanunsuz şəkildə istifadə edib. Daha konkret sahələr üzrə yanaşsaq, deyə bilərik ki, Ermənistan iqtisadiyyatının elektro enerji və taxıla olan tələbatının böyük hissəsi işğal altında olan Qarabağ torpaqlarının hesabına ödənilib. Burada əsas məqam odur ki, Ermənistan dövləti Azərbaycan iqtisadiyyatına vurduğu bu zərərlərə görə təzminat ödəyəcək. Bu, birmənalıdır və yəqin ki, yaxın vaxtlarda beynəlxalq ekspertlərin də iştirakı ilə təşkil olunmuş xüsusi monitorinq qrupu dəymiş zərərin miqyasını hesablamağa başlayacaq. Digər tərəfdən, cənab Prezidentin səsləndirdiyi rəqəmlər həm də onu deməyə əsas verir ki, Ermənistan dövlətini yaxın gələcəkdə ağır sosial-iqtisadi kataklizmlər gözləyir. Bunun üçün təkcə bir fakta nəzər yetirmək kifayətdir. Təsəvvür edin, Ermənistan işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı və düşmən ölkənin işğal edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Deməli, Ermənistan taxıl ehtiyatının təxminən yarısını bizim torpaqlarımızdan götürürdü. Bu da o deməkdir ki, gələn ildən etibarən təkcə taxıla olan tələbatını tam ödəmək üçün başqa mənbələr tapılmalıdır".

C.Əhmədli qeyd edib ki, Ermənistanın qara günlər hələ qabaqdadır:

"Blokada şəraitində və səfalət içində yaşayan Ermənistan üçün bu, elə də asan məsələ deyil. Üstəlik, Ermənistan iqtisadiyyatı tamamilə çökmüş vəziyyətdədir. Demək olar, bütün sahələrdə xaos yaşanmaqdadır. Hərb meydanlarında rüsvayçı məğlubiyyət düşmən ölkədə bütün daşları yerindən oynatdı. Bir sözlə, düşmən ölkə üçün qara günlər hələ qabaqdadır. Halbuki, Ermənistan dövləti Azərbaycana qarşı işğalçılıq siyasəti aparmasaydı, bu katastrofik vəziyyətlə üzləşməzdi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycanın reallaşdırdığı böyük geoiqtisadi layihələrdən Ermənistan da qazana bilərdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP layihələri Ermənistandan yan keçməsəydi, indi erməni xalqı ölkələrinin tranzit imkanlarına görə böyük vəsait əldə etmiş olardı. Amma Ermənistan iqtidarları ən pis və faciəvi yolu seçdilər. Bu gün erməni xalqının düçar olduğu bu ağır şəraitin əsas günahkarları bu ölkədə 30 ildir hakimiyyətdə olan qüvvələrdir".

"Prezident İlham Əliyevin xalqa müraciətində xüsusi olaraq vurğu etdiyi məqamlardan biri də Qərb dövlətlərinin riyakar davranışlarının ifşa olunması idi. Bildiyiniz kimi, Azərbaycan dövləti regionda yeni təhlükəsizlik formatı yaradıb. Türkiyə və Rusiya bölgədə sülhyaratma işində fəal iştirak edəcəklər. Sözsüz ki, bu format zamanla əməkdaşlıq müstəvisinə də keçid edəcək. Hər halda Azərbaycan dövlətinin çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində uğurlu təcrübələri mövcuddur. Qərbin bəzi siyasi dairələri isə bu gedişatdan çox narahatdırlar. Onlar Türkiyə və Rusiyanın bu prosesdə aktiv iştirakını həzm edə bilmirlər, irrasional davranışları ilə hazırkı gedişatdan açıq şəkildə qıcıqlandıqlarını ortaya qoyurlar. Münaqişənin artıq həll olunduğunu nəzərə alsaq, belə bir nəticə hasil olur ki, bəzi Qərb dairələri müharibənin yenidən alovlanmasında maraqlıdır. Bütün qlobal güclər dərk etməlidir ki, Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb. Artıq şərtləri biz diqtə edirik. Hər kəs də bizim yaratdığımız reallıqlarla barışmalıdır. Bu baxımdan, hazırda qeyri-adekvat davranışları ilə özünə qarşı ikrah hissi yaradan Qərb dövlətləri yaxşı olar ki, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi şərtlərin tələbləri çərçivəsində öz fəaliyyətlərini tənzimləsinlər. Əks halda, yenə də uduzan onlar və onların hamilik etdiyi Ermənistan olacaq", - Ceyhun Əhmədli deyib.

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan regionda yeni təhlükəsizlik formatı yaratdı Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ