Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 16:24
Bakı. İlhamə İsabalayeva – Trend:
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın Fəaliyyət Planı əsasında ölkədə uşaqlarla bağlı müdafiə sisteminin gücləndirilməsi, uşaq müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.
Onun sözlərinə görə, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, onların mədəni-estetik tərbiyəsi, inkişaf hüququnun təmin edilməsi prioritet məsələlərdəndir. Bu baxımdan “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın Fəaliyyət Planında ümumrespublika uşaq forumlarının keçirilməsi, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində tədbirlərin görülməsi və bu istiqamətdə yeni platformaların yaradılması nəzərdə tutulur.
Fəaliyyət Planında həmçinin, uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması, uşaqların ekoloji sahədə maarifləndirilməsi istiqamətində tədbirlərin görülməsi də yer alıb.
F.Ədilov əlavə edib ki, strategiyanın qəbul edilməsində əsas məqsəd ölkədə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaq, bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq, onların maraqlarını qorumaq, həssas təbəqəyə aid edilən uşaqlarla bağlı fəaliyyətləri gücləndirmək, onlara müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdir. Strategiyanın həyata keçirilməsi 2020–2025-ci və 2026–2030-cu illəri əhatə edən iki fəaliyyət planının reallaşması ilə təmin edilir. Ötən həftə Prezidentin Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi: “Fəaliyyət Planında bir çox istiqamət üzrə tədbirlərin görülməsi və fəaliyyətlərin gücləndirilməsi yer alıb. İstiqamətlər üzrə görüləcək fəaliyyətlərə toxunmazdan öncə bir məsələni xüsusilə vurğulayım ki, Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirlər uşaqların maraqlarının qorunması, bütün uşaqlar üçün bərabər imkanlar yaradılması, uşaq məsələləir ilə bağlı problemilərin həllində onların nəzərə alınması və iştirakçılığının təmin edilməsi prinsipləri rəhbər tutulmaqla həyata keçirilməsini nəzərdə tutur. Düşünürük ki, uşaqlarla bağlı qəbul edilən qərarlarda onların fikirlərinin alınması, onların bu proseslərə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir”.